Mədəniyyət

Eurovision 2010 namizədlərimiz

Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı və ya qrupun müəyyənləşdirilməsi üçün milli seçimlər davam edir.

· Xəbərçi
Eurovision 2010 namizədlərimiz
“Eurovision” müsabiqəsinin Azərbaycan üzrə yayım şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti milli seçimlərdə iştirak edən namizədlərdən 6-nın sona qaldığını açıqlayıb. APA fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal gecəsinə qatılacaq 6 namizədin dosyesini və həmin gecə ilə bağlı reklam rolikini yayımlamaq qərarına gəlib.



Azad Şabanov. 1991-ci il yanvarın 3-də Bakıda anadan olub. Orta musiqi təhsili alıb. “Yeni Ulduz-7” müsabiqəsində iştirak edib və ikinci yeri tutub.



“Milk&Kisses” qrupu. İki qızdan ibarətdir. Dilarə 1984, Fəridə isə 1983-cü il təvəllüdlüdür. Hər ikisi Bakıda anadan olub və professional musiqi təhsili alıb. Dilarə və Fəridə eyni zamanda “Unformal” rok-qrupun solistləridir. Həmin qrup “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən “Land of fire” milli seçim finalına vəsiqə qazanan üç namizəddən biri olmuşdu.



Məryəm Şabanova. 1985-ci il iyunun 2-də Bakıda dünyaya gəlib. Orta musiqi təhsili alıb. 2003-ci ildə “Bakı Payızı” müsabiqəsində iştirak edib.



Səfurə Əlizadə. 1992-ci il sentyabrın 20-də Bakıda anadan olub. Kaman və saksafon üzrə orta musiqi təhsili alıb. Müxtəlif müsabiqələrdə iştirak edib. “Yeni Ulduz-8” televiziya şousunda birinci yeri tutub.



Elli Miçiyeva. 1987-ci il iyunun 6-da Bakıda anadan olub. Dörd yaşından Almaniyada yaşayır. Müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edib. Almaniyada keçirilən “Popstar” televiziya şousunun final mərhələsinə vəsiqə qazanıb.



Ülviyyə Rəhimova. 1983-cü il avqustun 2-də Bakıda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Həmin illərdə “Bəri bax” vokal qrupunda fəaliyyət göstərib. Müxtəlif müsabiqə və festivalların iştirakçısı olub. APA

Şərhlər