Ər almaq istəyirəm
25 İyun 2010 Cümə 11:51
Rus Dram Teatrında premyera olacaq.
Səməd Vurğun adına Rus Dram Teatrının yaradıcı heyəti "Ər almaq istəyirəm" deyərək səhnəyə çıxacaq. Sənət ocağında bu adla yeni səhnə əsəri teatrsevərlərin ixtiyarına veriləcək. Rus satiriki Mixail Zadornovun "Sonuncu cəhd" pyesi əsasında hazırlanan tamaşaya Aleksandr Şarovski quruluş verib.
Teatrın baş rejissoru Aleksandr Şarovski bu tamaşanın qeyri - adi maraqlı taleyi olduğunu deyir: "Mən bu tamaşanı 20 il bundan əvvəl səhnələşdirmişdim. Həmişəyaşar bir mövzu olduğu üçün yenidən müraciət etmək qərarına gəldik. Yeni tamaşada hadisələr bizim dövrümüzdə baş verir. Bu pyes məhəbbət, xəyanət, xəyanəti bağışlamaqdan bəhs edir. Fikirləşirəm ki, tamaşaçılar üçün maraqlı olacaq."
Tamaşanın süjet xətti 20 illik həyat yoldaşına xəyanət edən kişinin məhəbbət macəralarından bəhs edir. Komik planda təqdim edilən süjet xəttinin digər tərəfində əslində ciddi həyati məqamlar durur. Səhnə əsərində məhəbbət üçbucağını əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov və aktrisa Anaida Rostovskaya yaradıb.
Nataliya Şarovskaya obrazı yaradarkən çətinlik çəkmədiyini söyləyir: "Düşünürəm ki, əri tərəfindən aldadılan qadınlar çoxdur. Ümumiyyətlə bu, bütün dünyada qadınların ən böyük problemidir. Bu, çox pis bir situasiyadır, xüsusən də əgər sənin yaşın artıq 40-ı keçibsə. Gənc bir qız peyda olur və sənin ərin ona aşiq olur".
Tamaşada əsas heyətlə bərabər səhnəni rəqqaslar da bölüşür. Hadisələrin bir hissəsi musiqi və rəqs vasitəsilə nəql edilir. Səhnə əsərinin bu hissəsində rolları Həcər Ağayeva, Murad Məmmədov ifa edir. Səhnə əsərində rəqslərə quruluşu əməkdar artist Ayan Mirqasımova verib.
Səhnə əsərinin bədii tərtibatçısı Arif Əbdürrəhmanov, geyim üzrə rəssamı Olqa Abbasova, bəstəkarı Leonid Vanişteyndir. Tamaşanın premyerası iyunun 27-də saat 19:00-da baş tutacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: