Əminə Dilbazi vəfat edib
30 Aprel 2010 Cümə 13:30
Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Əminə Dilbazinin ölümündən xəbərsizdir.
Azərbaycanın xalq artisti, tanınmış rəqqasə Əminə Dilbazi bu gün səhər saatlarında vəfat edib.

APA-nın məlumatına görə, xalq artistinin vəfatı qəflətən olub. Mədəniyyət və Turizm Nazirliyi xalq artistinin vəfatından xəbərsizdir. O səbəbdən mərhumla vida mərasiminin nə zaman və harada keçiriləcəyi məlum deyib.

Qeyd edək ki, Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxan xanım Üzeyir Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını oynayıb. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın Mal Alan” və “O olmasın bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar