Elxan Əhədzadə vəfat edib
08 Oktyabr 2010 Cümə 11:40
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti Elxan Əhədzadə vəfat edib.
Azərbaycanın xalq artisti Elxan Əhədzadə 62 yaşında vəfat edib. Aktyorun ailə üzvlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər vəziyyəti pisləşən xalq artisti 4 nömrəli xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. E. Əhədzadə saat saat 05:30 radələrində xəstəxanada dünyasını dəyişib.

Ailə üzvlərinin sözlərinə görə, sənətçinin mədəsində və yoğun bağırsağında xora olub. Son bir ayda isə onun vəziyyəti ağırlaşıb.

Mərhumun həyat yoldaşının ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti ilə vida mərasimin uzun illər çalışdığı Musiqili Komediya Teatrında keçirilməsini xahiş etsələr də, buna razılıq verilməyib. Xalq artisti Elxan Əhədzadə Xırdalan qəbiristanlığında, ata - anasının dəfn olunduğu Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq. Mərhumla vida mərasimi Xəqani 35 ünvanında yerləşən evində olacaq.


Xatırladaq ki, Elxan Yahya oğlu Əhədzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinifində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaradıb. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakultəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Bu müddət ərzində R.Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa edib.

Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərib. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilib.

O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynayıb.

Daha sonra Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaradıb. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa edib.

E.Əhədzadə bütün Respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak edib. Professional aktyor və peşakar müğənni kimi popularlaşan bu sənətçi bütün kollektivin üzvlərinin və geniş tamaşaçı kütləsinin rəğbət və məhəbbətini qazanıb.

E.Əhədzadə 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar