Əcnəbilər folklorumuzdan pulla istifadə edəcəklər
22 Oktyabr 2011 Şənbə 11:33
Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəyə görə məbləğ müəyyənləşib.
“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi Qaydalar” təsdiqlənib.
ANS PRESS-in Nazirlər Kabinetinin rəsmi internet saytına istinadla verdiyi məlumata görə, "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqqın məbləği" təsdiq edilib.

Qaydalar Azərbaycan Respublikası ilə ikitərəfli müqavilə bağlamış və ya ölkəmizin qoşulduğu çoxtərəfli müqavilələrin iştirakçısı olan dövlətlərin, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin (ənənəvi mədəni ifadələrin) qorunması haqqında konvensiyası qüvvəyə mindikdən sonra həmin konvensiyaya qoşulan dövlətlərin hüquqi və fiziki şəxslərinə münasibətdə tətbiq edilir.

Folklor nümunələrindən kommersiya məqsədi ilə aşağıdakı formalarda istifadə oluna bilər:
folklor nümunələrinin dərc edilməsi;
maddi daşıyıcılara köçürülmüş folklor nümunələrinin surətinin çıxarılması;
folklor nümunələri nüsxələrinin yayılması;
kütləvi deklamasiyası və ifası;
efirlə və ya kabellə bildirişi;
folklor nümunəsinin interaktiv kütləvi bildirişi.

Folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəyə görə yazılı icazə tələb olunur. Folklor nümunələrindən istifadə zamanı onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməli, təbii mahiyyətinə və məzmununa xələl gətirilməməlidir.

Folklor nümunələrindən istifadə üçün sifarişçi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə (bundan sonra-Agentlik) müraciət etməlidir. Müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
istifadə olunan folklor nümunəsinin adı və növü;
istifadənin forması;
istifadənin məqsədi və müddəti;
istifadəçinin adı, soyadı (hüquqi şəxsin adı onun nizamnamə-sində (əsasnaməsində) olduğu kimi göstərilməlidir), yaşadığı (olduğu) və ya fəaliyyət göstərdiyi ünvan, yazışma üçün ünvan, əlaqə telefonları, e-mail ünvanı.
Müraciət Agentliyə daxil olduqdan sonra 7 iş günü müddətində baxılır və folklor nümunələrindən istifadəyə icazə verildiyi halda, sifarişçiyə bu barədə yazılı bildiriş göndərilir. İcazə verilmədikdə, sifarişçiyə bunun səbəbləri haqqında əsaslandırılmış yazılı məlumat göndərilir və ya təqdim edilir.

Qanunun tələbləri pozulduğu və ya istifadənin Azərbaycan Respublikasının maraqlarına, o cümlədən işgüzar nüfuzuna (şərəf və ləyaqətinə) xələl gətirdiyi halda, folklor nümunələrindən kommersiya məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadəyə icazə verilmir və ya verilmiş icazə ləğv edilir.
Qanunun 7-ci maddəsində nəzərdə tutulan istisna hallarında istifadə üçün icazə tələb edilmir.
Folklor nümunələrindən kommersiya məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadəyə görə istifadəçi ilə Agentlik arasında lisenziya müqaviləsi bağlanmalıdır.

Folklor nümunələrindən istifadəyə görə haqq ödənilməlidir. Bu haqqın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Ödənilən haqq Agentliyin hesabına köçürülür.

Nazirlər Kabinetinin qərarına əsasən, folklor nümunəsinin dərc edilməsi, surətinin çıxarılması, o cümlədən CD, DVD və s. növ maddi daşıyıcıya yazılmaqla və saytda yerləşdirilməklə nüsxələrinin yayılması 1200 ABŞ dolları, folklor nümunəsinin kütləvi deklamasiyası və ya ifası 1200 ABŞ dolları, folklor nümunəsinin radio, televiziya və kabel televiziyası ilə kütləvi bildirişi 1000 ABŞ dolları, folklor nümunəsinin interaktiv kütləvi bildirişi isə 500 ABŞ dolları məbləğində haqq tələb olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar