Cəmil Əmirovun səhhətində problemlər yaranıb
20 Oktyabr 2010 Çərşənbə 11:25
Bəstəkar və caz ifaçısı, əməkdar artist Cəmil Əmirovun səhhətində problemlər yaranıb.
Bu səbəbdən onun Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində nəzərdə tutulan konserti proqramdan çıxarılıb. Bu barədə APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, musiqiçi festival çərçivəsində oktyabrın 22-də Rus Dram Teatrında konsert proqramı ilə çıxış etməli idi: “Biz çox istəyirdik ki, Cəmil müəllim bu festivalda çıxış etsin. Proqramda da onun konsertinin olacağı göstərilib. Cəmil müəllimlə danışdıq, bildirdik ki, festivalın son iki gününə kimi onu proqramda saxlayaq, özünü yaxşı hiss etsə, konserti baş tutar. Lakin razı olmadı. Festival iştirakçılarına konsertin olmayacağını bildiririk”.
Cəmil Əmirov APA-ya açıqlamasında səhhətindəki problemin mədə-bağırsaq sistemi ilə bağlı olduğunu deyib: “Səhhətimdə problem olduğundan festivaldakı konsertdə çıxış edə bilməyəcəyəm. Narahat olmağa dəyməz, Allahın köməkliyi ilə sağalacağam. Hazırda problemin aradan qalxması üçün müalicə olunuram”.
Qeyd edək ki, Cəmil Əmirovun “Savab” qrupuna rəhbərlik edir. XX əsrin 80-ci illərində əvvəlində “Qobustan” etno-caz qrupunun rəhbəri olub. APA
DOSTLARINLA PAYLAŞ: