Birinci Qafqaz kanalı yayıma başlayıb
16 Yanvar 2010 Şənbə 23:15
Kanalda Qafqaz xalqlarının mədəniyyəti və tarixi ilə bağlı verilişlər üstünlük təşkil edəcək
Gürcüstanda rusdilli “Birinci Qafqaz” kanalı yayıma başlayıb. Televiziya rəhbərliyinin bildirdiyinə görə, Qafqazın efir məkanına daxil olan telekanal təkcə Gürcüstanda deyil, həm də Azərbaycan, Ermənistan və Şimali Qafqaz regionunda baş verən hadisələr haqqında xəbərlər verəcək.
Baş prodüsser Zurab Dvali bildirib ki, belə bir televiziyanın yaradılması Qafqazda yaşayan xalqlara baş verən hadislər haqqında məlumatları vasitəçi kimi görünən Rusiya kanallarından deyil, Qafqaz ölkələrində fəaliyyət göstərən yerli mənbələrdən rus dilində əldə etməyə imkanı verəcək.
Zurab Dvalin sözlərinə görə, yeni kanalı peyk və internet vasitəsi ilə izləmək mümkün olacaq. Özünə Qafqazın həm cənubu, həm də şimalından tamaşaçı auditoriyası toplamağı hədəfləyən yeni televiziya bu ölkələrdə yerli müxbir məntəqələri açmağı da planlaşdırır. Verilişlərin çeşidinə gəldikdə isə, kanalın baş prodüsseri söyləyib ki, gün ərzində üç dəfə efirə çıxacaq xəbərlər proqramı ilə yanaşı, Qafqaz xalqlarının mədəniyyəti və tarixini əks etdirən müxtəlif verilişlərin yayımlanmasına da üstünlük veriləcək.
Kanalın aparıcıları sırasında isə tanınmamış İçkeriya Respublikasının birinci prezidentinin həyat yoldaşı Alla Dudayeva və rusiyalı jurnalist, sonradan Gürcüstanda məskunlaşaraq bu ölkənin vətəndaşlığını qəbul etmiş Oleq Panfilov da var.
Yeni televizya Gürcüstanın ictimai kanalının bazası əsasında yaradılıb və bura ayrılan büdcədən maliyyələşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: