Bala dili oxucuları ilə görüşüb
25 Dekabr 2010 Şənbə 18:30
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana sistemi, 272 və 32 saylı məktəb kollektivi də iştirak edib
Bala Dili jurnalı oxucuları ilə birlikdə Nizami rayonu Mərkəzləşdirilmiş Kitabxana sistemində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş çox maraqlı, şən bir görüş keçirdi. Tədbirdə kitabxana sistemi, 272 və 32 saylı məktəb kollektivlərinin zəhmətləri ilə uşaqların sevinclərinə şərik oldular, bayram ərəfəsində 100-dən çox uşağın yaddaqalan bir gün keçirmələri üçün əllərindən gələni əsirgəmədilər.
Rəsmi hissədə uşaqlar böyüklərin - yəni yazıçılar, müəllimlərin çıxışlarına, tövsiyyələrinə qulaq asdılar. Uşaqlarla görüşə gəlmiş uşaq yazıçısı İlyas Tapdıq balalara təzə şeirlərindən oxudu. Bala Dili jurnalının gözəlliyindən danışdı, ümumiyyətlə mütaliənin əhəmiyyəti və vacibliyindən söhbət açdı.
Uşaqların "Gülzar nənə" kimi tanıdığı Gülzar İbrahimova Bala Dili jurnalındakı yeniliklərdən, təzə rubrikalardan, artıq yarım ildən çox fəaliyyətdə olan və daima təzələnən "baladili.ws" saytından danışdı. Jurnal haqda oxucuların fikrini öyrəndi.
Bədii hissədə uşaqlar özlərinin səhnələşdirdiyi tamaşanı göstərdilər, şeir dedilər, gözəl mahnılar oxudular.
İştirakçıların sevincindən və fəalllığından görünürdü ki, onlar Bala dili jurnalını sevə-sevə oxuyurlar.
Tədbirin sonunda balalara ANS PRESS Nəşriyyat Evinin Bala Dili jurnalları və yazıçıların kitabları paylandı.
DOSTLARINLA PAYLAŞ: