Bakıda "İncə gecə" baş tutacaq
11 May 2011 Çərşənbə 19:42
Paytaxtımızda “Qarant Sığorta” şirkətinin dəstəyi Ilə incəsənət gecəsi keçiriləcək.
“Qarant Sığorta”-nın dəstəyi ilə 13-23 may tarixlərində “Park Bulvar” Alış-Veriş Mərkəzində incəsənət festivalı keçiriləcək. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dünyada may ayının 18-də qeyd olunan Beynəlxalq muzey günü münasibətilə təşkil edilən festivalın açılışı mayın 13-də saat 18:00-da təşkil olunacaq “İncə gecə” adlı sərgi ilə başlayacaq.
Bir çox ölkələrdə qeyd olunan “Muzeydə bir gecə” tədbirinin formatından fərqli olaraq Bakıda keçiriləcək İncəsənət festivalının məqsədi mümkün olduğu qədər çox insanı Azərbaycanın müasir incəsənət əsərləri ilə tanış etməkdən ibarətdir.
Azərbaycan sığorta bazarında "Korporativ Sosial Məsuliyyət mədəniyyətini" tətbiq edən ilk şirkətlərdən biri olan “Qarant Sığorta” İncəsənət Festivalında nümayiş olunacaq bütün əsərləri sığortalamaqla bu mədəniyyət aksiyasına dəstək olur. Azərbaycanın 20 müasir rəssam və heykәltәraşı özlərinin ən yaxşı əsərlərini 13-23 may tarixlərində davam edəcək bu festival çərçivəsində təqdim edəcəklər. Onların hər birini müasir incəsənətin “brendi” hesab etmək olar. Tamaşaçılar isə bəyəndikləri əsərləri əldə edə biləcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: