Bakıda Çexov festivalı başlayır
09 Noyabr 2010 Çərşənbə Axşamı 16:50
Festivalda Fransa, Kanada, Rusiya və Belarus teatrlarının tamaşaları göstəriləcək.
“Çexov teatr festivalının İpək Yolu” layihəsinə noyabrın 12-də start veriləcək. ANS PRESS-in məlumatına görə, 30 noyabradək davam edəcək festival çərçivəsində Bakıda üç teatr kollektivi çıxış edəcək.
Fransa teatrı “Kiçik saatlar şirkəti” “Aureliyanın oratoriyası” tamaşasını göstərəcək. Rejissor Viktoriya Çaplin (Çarli Çaplinin kiçik qızı) tamaşanı öz qızı Aureliya Çaplin üçün hazırlayıb. Bakılılar bu tamaşanı noyabrın 12,13,14-də saat 19.00-da Rus Dram Teatrının səhnəsində görə biləcəklər. Viktoriya və Aureliya Çaplinlərin tamaşasını yaşından asılı olmayaraq istənilən adama tövsiyə etmək olar. “Aureliyanın oratoriyası” öz janrına görə “Yeni sirk” adlanan dramatik teatr, sirk illüziya teatrı, ənənəvi pantomimin sintezindən ibarətdir ki, bu da onu digər janrlardan fərqləndirir.
Digər maraqlı tamaşa Rusiya və Belarusun birgə layihəsidir. Moskvalı rejissor Vladimir Pankov Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında Çexovun “Toy” tamaşasını səhnələşdirib. Tamaşa noyabrın 20, 21,22-də Gənc Tamaşaçılar Teatrında olacaq.
Bakılılar həmçinin Kanadanın tanınmış Eluaz sirkinin “Yağış” tamaşasına baxacaqlar. Bu tamaşa 2003-cü ildən bütün dünyada uğurlu qastrol səfərlərinə çıxıb. Tamaşanın rejissoru Daniele Finse Paskadır. Publikanın sevimlisi olan Daniele Finse Paska həm rejissor, yazışı, xoreoqraf, həm də kloundur. “Yağış” tamaşası noyabrın 25,26,27,28,29, 30-da Rus Dram Teatrında göstəriləcək.
Festivalın təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazrliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Procent” şirkəti, həmçinin Beynəlxalq Teatr İttifaqları Konfederasiyasıdır.
Qeyd edək ki, Çexov festivalı 1992-ci ildə təsis olunub. Hazırda bu, dünyanın ən nüfuzlu festivallarından biridir.
Çexov festivalı həm də teatr ideyaları, yaradıcı görüşlər, diskussiyalar, “dəyirmi masalar”ın mübadiləsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: