Qarabağda Qələbə hələ əldə olunmasa da, "Qarabağ" adlanan təyyarə “Avroviziya-2009” mahnı müsabiqəsində böyük qələbə qazanan Azərbaycan təmsilçilərini Bakıya gətirib. Aysel və Araş artıq vətəndədir. Heydər Əliyev beynəlxalq hava limanında Azərbaycanın adını “Avroviziya-2009” yarışmasının qalibləri sırasında ilk üçlüyə daxil edən Aysel və Araşı qarşılamaq üçün böyük insan axını toplaşmışdı. Final mərhələsində möhtəşəm çıxışları ilə dünyaya səpələnmiş erməni diasporunun bütün cəhdlərinə rəğmən erməni ifaçılarına irəli çıxmağa macal verməyən Azərbaycan təmsilçilərini Bakıya “Qarabağ” adlı təyyarə endirib.
Azərbaycan təmsilçilərini isə hava limanında xüsusi bəzədilmiş avtomobil gözləyirdi. Aysel və Araş onları təbrikə gələn böyük izdiham içərisində avtomobilə çətinliklə əyləşə bildilər.
İlk olaraq, onlar Heydər Əliyev sarayının qarşısındakı parkda Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Vətəndə böyük sevgi ilə qarşılanan ifaçılar ANS-ə müsahibələrində böyük sevinc hissi keçirdiklərini və buna görə söz tapa bilmədiklərini bildirdilər.
Qeyd edək ki, Aysel və Araş “Avroviziya-2009” yarışmasında Azərbaycanı “Alwalys” mahnısı ilə təmsil edib. Hələ müsabiqənin əvvəlindən bu mahnının yay mövsümünün hit mahnısı olacağı proqnozlaşdırılmışdı.
42 ölkədən 207 xal toplayaraq Azərbaycanın adını 3-cü sıraya qaldıran Aysel və Araşı böyük qələbə münasibətilə prezident İlham Əliyev də təbrik edib. Dövlət başçısı ifaçılara telefon açıb və onların Azərbaycanı Avropa miqyasında layiqincə təmsil etmələrini yüksək qiymətləndirib, sənətçilərə yeni yaradıcılıq uğurları arzulayıb./ANS TV/