ANS ÇM ad gününü qeyd etdi
29 May 2011 Bazar 11:50
Populyar müğənniləri bir ayara toplayan ANS ÇM tamaşaçıları coşdurdu.
Dünən Bakının Yasamal parkında 28 May Respublika Günü və ANS ÇM-in ad günü münasibətilə möhtəşəm konsert keçirilib. ANS Şirkətlər Qrupu tərəfindən təşkil edilən tədbirə Bakcell şirkəti baş sponsorluq edib.
Konsertə gələn tamaşaçılar həmişə eşitdikləri DL-ləri bu dəfə görmək imkanı əldə edib. Belə ki, tədbirin aparıcıları ANS ÇM-in məşhur DJ-ləri Aytən Səfərova və Valid Əliyev idi. Hər iki aparıcı konsert boyu tamaşaçıları məzəli zarafatları ilə əyləndirdi.
Sevinc sevincə qarışmışdı. Bir tərəfdən Azəraycanın ilk Demokratik Respublikasının yaranmasının ildönümü, digər tərəfdən isə Azərbaycanın ilk özəl radiostansiyasının yaranması...
Tədbirin açılışını müğənni Lamiyə Novruzova etdi. Daha sonra səhnəyə Qan qrupu, əməkdar artist Fidan Hacıyeva, xanəndə Təyyar Bayramov, əməkdar artistlər Gülyaz və Güyanaq bacıları, sevilən müğənnilər Röya, Natavan Həbibi, Şəki şəhər Çingiz Mustafayev adına Mədəniyyət Evinin rəqs qrupunun ifaları parka toplaşanlara mənəvi qida verdi.
Konserti Azərbaycanın xalq artisti Faiq Ağayev öz ifası ilə bağladı. Onun səhnəyə Azərbaycanın dövlət bayrağı ilə çıxması xüsusi coşqu ilə qarşılandı.
Qeyd edək ki, konsertin fəxri qonaqları qismində Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidenti Mirşahin Ağayev, Bakı Metropoliteninin sədri Tağı Əhmədov və digərləri var idi.
Konsert Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: