Bakutel 2011 başlayır
23 Noyabr 2011 Çərşənbə 10:54
Bakutel 2011 başlayır. Sərginin iştirakçıların arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri var.
Bakıda Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan Bakutel-2011 sərgisi start götürür. Sərginin təşkilatçıları Iteca Caspian LLC və onun tərəfdaşı ITE Group şirkətidir. Sərgi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstəklənir. Sərginin baş sponsoru qismində Microsoft korporasiyası çıxış edir.

Bu il keçirilən sərgidə iki dəfədən də çox artım müşahidə olunur. Belə ki, dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər.

Sərginin iştirakçıların arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri var. Daimi iştirakçıların sırasına bir çox yeni şirkət qoşulub və ilk dəfə olaraq, onlar öz texnologiya və xidmətlərini regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirəcəklər.

İlk dəfə olaraq, Bakutel sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İsrail, İran, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya, Estoniya və digər ölkələrin 18 milli ekspozisiyası nümayiş olunacaq. Azərbaycan Respublikasının Milli pavilyonu ayrıca təqdim olunacaq. Milli stend çərçivəsində 13 nazirlik İKT sahəsinə aid layihələr nümayiş etdirəcək.

Həmçinin bu il Bakutel sərgisinin keçirilməsi Azərbaycanda rabitənin yubileyi ilə üst-üstə düşüb. 130 il bundan əvvəl Bakıda Nobel Qardaşları tərəfindən uzunluğu 6 kilometr olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitə sənayesinin yaranma tarixi başlanır. Sərgi çərçivəsində Azərbaycanda rabitənin 130 illiyinə həsr edilmiş stend-muzey fəaliyyət göstərəcək. Bu stenddə ölkənin telekommunikasiya bazarının inkişaf mərhələləri haqqında ziyarətçilərə ətraflı məlumat veriləcək.

24 noyabr tarixində baş tutacaq Bakutel konfransı isə işgüzar proqramın mühüm hissəsidir. Bu konfransda innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaq.

Sərgi öz işini noyabrın 26-dək davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar