Azərbaycanın ilk süni peyki bizə nə verəcək?
25 Avqust 2011 Cümə Axşamı 11:20
“Azerspace” telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur
“Azerspace” telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə YAP-ın rəsmi saytına bildirib. Onun sözlərinə görə, hazırda müqavilə şərtlərinə uyğun olaraq işlər yerinə yetirilir, istehsalçı şirkətlərin nümayəndələri ilə nazirliyin mütəxəssisləri arasında mütəmadi olaraq görüşlər keçirilir.

Nazir müavini bildirib ki, Azərbaycanın telekommunikasiya peykinin əhatə zonasına Avropa, Asiya və Şimali Afrikanın bir hissəsi daxildir. Milli peykin ehtiyatlarından daxili tələbat və beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Peyk istifadəyə verildikdən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mühafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni imkanların yaradılması və s. təmin ediləcək. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. İlk telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması məqsədilə ötən il müvafiq olaraq ABŞ-ın "Orbital Sciences Corporation" və Fransanın "Arianespace" şirkətləri ilə müqavilələr imzalanıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar