Yoluxucu xəstəliyi olan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq
14 May 2012 Bazar Ertəsi 13:19
Onlar üçün xüsusi bir gün imtahan günü təyin ediləcək
“Yoluxucu xəstəlikləri olan şagirdlər buraxılış imtahanlarına girə bilməz. Hər bir insanın öz hüququ var, amma digər insanların da hüquqları var”.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, komissiya nümayəndələri belə halla mayın 13-də rus bölməsinin abituriyentləri Azərbaycan dilindən imtahan verərkən rastlaşıb: “Heç zaman biz imtahanda digər uşaqlar üçün təhlükə yarada bilməzdik. Mənə elə gəlir ki, valideynlər üçün ən əsası uşaqlarının imtahan nəticələrindən əvvəl onların sağlamlığıdır. Uşaq xəstədirsə, özünü pis hiss edirsə, imtahana gəlməyə də bilər. Təbii ki, uşaqlarda sarılıq, suçiçəyi və digər yoluxucu xəstəlik olduqda, biz onları imtahana buraxmayacağıq”.

TQDK sədri deyib ki, buraxılış imtahanlarında hər hansı səbəblə əlaqədar iştirak edə bilməyən məzunların siyahısı hazırlanacaq: “Məzun əməliyyat olunubsa və hansısa xəstəliyə görə imtahana gələ bilmədisə, onların siyahısı bütün imtahanlar bitdikdən sonra formalaşacaq. Bundan sonra onlar üçün bir gün imtahan günü təyin ediləcək. Həmin gün həm bu məzunlar, həm də keçən il imtahandan kəsilənlər imtahan verəcəklər. Hesab edirəm ki, iyulun 10-da biz bu imtahanın tarixini elan edəcəyik. Hələ ki, rayon təhsil şöbələrindən də keçən il imtahan verə bilməyən və bu ilki imtahana qatılmaq istəyən məzunların siyahısı komissiyaya daxil olmayıb. Ümidvaram ki, mayın 30-dək bu siyahılar dəqiqləşəcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar