Yeni tehsil naziri Mikayıl Cabbarov ilk görüşünü keçirdi
23 Aprel 2013 Çərşənbə Axşamı 15:24
Yeni tehsil naziri Mikayıl Cabbarov Türkiye nümayende heyeti ile görüşüb.
Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirmişdir. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnac Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla bölüşməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs edib, Türkiyə universitetlərində oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri ilə yaxından tanış olduqlarını, ayrı-ayrı ölkələrdən olan tələbələrin təhsildəki uğurları əsasında təhlillər apardıqlarını bildirib.
Kamal Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləyib. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini qeyd edib. Qonaq, həmçinin azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacağını nəzərə çatdırıb.
Təhsil naziri Mikayıl Cabbarov azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
DOSTLARINLA PAYLAŞ: