Yeni ixtisasartırma təhsili modelinə keçirik
14 Fevral 2013 Cümə Axşamı 16:10
Yeni modelə əsasən, ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulması nəzərdə tutulur.
Bu gün Azərbaycan Təhsil Nazirliyində "Yeni ixtisasartırma modelinə keçid" mövzusuna həsr olunmuş müşavirə keçirilib. ANS PRESS-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təhsil naziri Misir Mərdanov çıxış edərək deyib ki, yeni modelə əsasən, ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulması nəzərdə tutulur.
İxtisasartırma təhsili sahəsində modul-kredit sisteminin tətbiqi istiqamətində son illər ərzində əldə olunmuş uğurlara toxunan nazir ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsinin hazırlandığını bildirib. Mərdanov qeyd edib ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim edilmiş proqramlar müvafiq müsabiqə əsasında seçilib.
Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunmuş proqramların modullar üzrə bölgüsünə diqqət çəkən nazir həmin müəssisələrin sayının artmasının mümkünlüyünü nəzərə çatdırıb.
Təqdim olunmuş ixtisasartırma proqramlarının müvafiq qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcəyini söyləyən təhsil naziri ixtisasartırma aparacaq qurumların kadr potensialının da qiymətləndiriləcəyini vurğulayıb.
O qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb.
DOSTLARINLA PAYLAŞ: