Xarici universitetlərə imtahansız qəbul edənlərin biznes maraqları var
27 İyul 2012 Cümə 12:46
Məleykə Abbaszadə valideynləri həmin reklamları yayanların biznes maraqlarının toruna düşməməyə çağırıb.
Azərbaycanda xarici təhsil müəssisələrinə qəbulla bağlı aqressiv kampaniya aparılır. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.
"Gündə telefonlara Ukrayna və digər ölkələrdə müxtəlif ali təhsil müəssisələrinə imtahansız, attestatsız tələbə qəbulu elanı göndərilir. Şəhərin hər yerində bununla bağlı reklamlar yayılır", - deyə M. Abbaszadə bildirib.
TQDK sədri vurğulayıb ki, bu kampaniyanın arxasında biznes maraqları durur.
"Biz istəməzdik k, uşaqlarımız, onların valideynləri həmin reklamları yayanların biznes maraqlarının toruna düşsün. Biz təklif edirik ki, leqal yolla TQDK imtahanlarında ən azı 150 bal toplayaraq ödənişli əsasla Azərbaycanda təhsil alsınlar", - o, bildirib.
M. Abbaszadə keçid ballarının aşağı salınması ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, balların aşağı salınması dövlət maliyyələşməsi ilə təhsil alanlara aid deyil, bu, yalnız ödənişli əsasla təhsil alanlara aiddir.
TQDK bu il I ixtisas qrupu üzrə imtahanların nəticələrinə görə, keçid balını 250-dən 150-yə endirib.
DOSTLARINLA PAYLAŞ: