Xaricdə təhsil almaq istəyən gəncləri məyus edən nədir?
21 Aprel 2012 Şənbə 18:46
Yaxud “Xaricdə təhsil üzrə dövlət proqramı”nın icrasına nə mane olur?
Azərbaycanda xarici ölkələrdə təhsil almaq istəyən gənclər çoxdur. Amma “Xaricdə təhsil üzrə dövlət proqramı”ndan bu arzuda olanların hamısı istifadə edə bilmir.

Məhsəti Quluzadə xaricdə təhsil almaq üçün bu az yaşında çox şeylər edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, bakalavr dərəcəsi alıb və ən nəhayət, alman dilini mükəmməl şəkildə öyrənib. Amma bütün bu keyfiyyətlər ona arzusunu gerçəkləşdirməyə, yəni təhsilini Almaniyada davam etdirməyə imkan verməyib.

Qeyd edək ki, ixtisaslar ölkənin mütəxəssislərə olan tələbatına uyğun seçilir. Əslində, xaricdə təhsil almaq istəyən bir çox gənci məyus edən də bu məqamdır. Məsələn, elə Məhsəti özü. Fikirləşir ki, o, “Xaricdə təhsil üzrə dövlət proqramı” çərçivəsində Almaniyada jurnalistika ixtisası üzrə magistr dərəcəsi alsa, bunun nəyi pisdir ki?

Xaricdə təhsil proqramını araşdıran İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul da ixtisas seçimində belə ehtiyatlılığı narazılıq üçün əsas mənbə sayır.

Onun sözlərinə görə, bu ixtisaslara iqtisadiyyatı qətiyyən salmırlar: “Təhsil Nazirilyi deyir ki, kənd təsərrüfatı sahəsi də iqisadiyyatdır. Amma gəlin araşdıraq. 600 bal toplayan hansı tələbə gedib kənd təsəsrüfatını oxuyur. Tələbələrə belə baryerlər yaradırlar. Bu proqrama hüququ salmırlar, idarəetməni salmırlar. Bu da narazılıq doğurur”.

Proqramda əsas problem tək bununla bitmir. Mütəxəssislər şəffaflıq və hesabatlılıqla bağlı da ciddi problemlərin olduğunu deyirlər. Yaxud, tələbələrin təqaüdlərini vaxtlı-vaxtında ala bilməməsi də bir başqa problemdir. Maraqlıdır ki, özü də bu, vəsait çatışmazlığından irəli gəlmir.

Məlumat üçün deyək ki, ötən il Dövlət Neft Fondu “Xaricdə təhsil proqramı”na 15 milyon manat vəsait ayırıb ki, həmin ilin 9 ayı ərzində bu vəsaitin cəmi 5, 93 milyonu istifadə olunub. Təkcə bu faktın özü tələbələrin pulla bağlı probleminin olmaması deməkdir.

Təhsil Nazirilyində isə bunu texniki səbəblərlə əsaslandırırlar. Nazirliyin sektor müdiri Əlipaşa Zeynalovun sözlərinə görə, tələbə oxuduğu ali məktəbdən arayış göndərənə və bu sənəd əsasında işlər həllini tapana qədər, 40-45 gün lazım gəlir ki, bu müddət ərzində hərə öz başına çarə tapmalıdır. Yəni, tələbə ya kredit, ya da kimdənsə borc götürməlidir.

Qeyd edək ki, bu il Dövlət Neft Fondu “Xaricdə təhsil proqramı”na 20 milyon manat vəsait ayırıb. Amma nə ayrılan vəsait, nə görülən işlər proqramın hədəfinə çatmağa imkan verir.

Belə ki, 2007-2015-ci illər ərzində 5 min tələbənin xaricə göndərilməsi nəzərdə tutulsa da, bu günə kimi cəmi 1 228 nəfər bu imkandan yararlana bilib. Elə xaricə göndərilənlərin kimliyi də narazılıq predmetidir. Məsələn, Qalib Toğrul deyir ki, onların içərisində məmur balaları çoxdur. Təhsil Nazirilyinin sektor müdiri isə başqa fikirdədir.

“Əgər məmur uşağı yaxşı oxuyursa, 600 baldan artıq bal toplayırsa, bizim nə haqqımız var, onun haqqını tapdalayaq? Onun preoritet ixtisaslara sənədləri verməyək?”, deyə Ə. Zeynalov bildirib.

Ümid edək ki, bir gün Məhsəti kimi gənclər haqda da belə düşünəcəklər. Hələ ki, düşünən və xaricdə oxumaq üçün hər cür vasait axtaran Məhsəti kimi gənclərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar