Xaricdə təhsil alan gənclər PA rəsmisi ilə görüşüb
03 Avqust 2011 Çərşənbə 21:59
Görüşdə azərbaycanlı gənclərin lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi məsələləri müzakirə olunub.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Təşkilatının (ASAİF) fəalları, idarə heyətinin və məclisin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ilə görüşüb. SAM-dan bildiriblər ki, ASAİF-i 10-dan çox ölkədən 30 gənc təmsil edib. Görüşdə hər ilin avqustunda keçirilən xaricdə təhsil alan və məzun olmuş gənclərin yay forumunun təşkili ilə bağlı məsələ müzakirə edilib. Bundan əlavə, gənclərin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərə dövlət dəstəyinin artırılması, gənclərimizin lobbiçilik fəaliyyətinin daha da gücləndirilməsi barədə də faydalı dialoq aparılıb.

Görüşdə E.Aslanov prezident İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafına verdiyi dəstəyindən, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından və ondan irəli gələn məsələlərdən danışıb. Şöbə müdiri son bir ildə ASAİF-in və onun üzvlərinin keçirdiyi tədbirləri qeyd edib, təkliflərini bildirib.

Ayrı-ayrı ölkələri təmsil edən tələbələr oxuduqları universitetlərdə Azərbaycan ilə bağlı keçirdikləri tədbirlərdən, üzləşdikləri çətinliklərdən danışıb. Tələbələr gələcək planları haqqında da məlumat verib, müxtəlif təkliflər irəli sürüb. Sonda avqustun 26-da keçirilməsi nəzərdə tutulan xaricdə təhsil alan və məzun olmuş gənclərin növbəti yay forumu ilə bağlı müzakirələr aparılıb. E.Aslanov həmçinin gənclərin suallarını cavablandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar