Valideynlər məktəblərdən niyə narazıdır?
14 Mart 2013 Cümə Axşamı 17:12
Kiçik yaşlı məktəblilərin çantaları çox zaman özlərindən ağır gəlir.
Şagirdi məktəbdən uzaq salan amillərdən biri də dərs yükünün çoxluğudur. Hər halda birinci sinif şagirdləri valideynlərinin qənaəti belədir. Onlar körpələrinin kurrikulum proqramı əsasında dərs yükünün çox olmasından, hətta bəzən birincilərin balaca canları ilə bu yükün altında qalmasından giley edirlər. Repetitor yanına getməli olan balacalar da öz uşaqlıq çağlarını tamamilə unutmuş olurlar.

Valideynlər isə məktəblərdə dərs yükünün çoxluğundan şikayətlənir: “Əlimdəki çantanın təxminən 5-6 kiloqram çəkisi var, 2-ci sinif uşağına məxsusdur. Əgər 10-15 il bundan əvvəl şagirdlər bu ağırlıqda çantanı götürməkdə çətinlik çəkirdilərsə, müasir şagirdlərə qibtə ilə yanaşmaq lazımdır. Onlar bu qədər yüklə hər gün dərsə gedib-gəlirlər”.

Əgər gün ərzində ibtidai sinifdə 4 və 5 dərs keçilirsə, əsas dərslik və dəftərlərlə yanaşı, əlavə ləvazimatlar da olur. Nəticədə azyaşlının çantasının çəkisi özünün çəkisinin təxminən yarısına bərabər olur. İbtidai sinif şagirdləri təkcə çantanın ağırlığından əziyyət çəkmirlər. Keçilən dərslərin çətinliyi də balacaları yoran əsas amildir. İnsanın biliyinin əsası hələ orta məktəbdə, xüsusən də ibtidai sinifdə qoyulur.

Başqa sözlə, məktəb təhsilin başlanğıcıdır. Maraqlıdır, görəsən, 45 dəqiqəlik dərs müddətində müasir uşaqlar nə qədər bilik əldə edir və ya kurrikulum sistemi ilə tədris balacaların qavrama səviyyəsinə nə qədər uyğundur?

Psixoloq Elnur Rüstəmovun fikrincə, hazırda tədris edilən proqramdan düzgün istifadə edilərsə, uşaqların həm psixoloji inkişafına, həm də biliyinə mənfi deyil, müsbət təsir göstərər: “Bu sistemin avantajı da var, yəni, müəyyən azadlıq verir, eyni zamanda, uşağın qarşısına vəzifələr qoyur. Psixoloji oyunlardan istifadə etməklə, əyləncəli, interraktiv dərslərin keçirilməsi mütləqdir. Bu həm də yaddaşı gücləndirir”.

Tədris planının yaxşı mənimsəmələri üçün şagirdlərə əlavə tapşırıqlar da verilir. Lakin əlavə informasiyanın çoxluğu sonralar uşaqlarda yorğunluğa və aqressivliyə gətirə bilər. Bunun üçün isə məktəblilərin istirahət saatlarını düzgün təşkil etmək lazımdır. Bu məsələdə də əsas yük valideynlərin üzərinə düşür.



DOSTLARINLA PAYLAŞ:

oyunlar