3 286 vakant müəllim yerinə 18 782 nəfər ərizə verib
16 İyul 2013 Çərşənbə Axşamı 16:29
21-23 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq.
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3 286 vakant yerə 18 782 nəfər ərizə verib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirov jurnalistlərə açıqlamasında deyib ki, təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb.

Onun sözlərinə görə, iyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18 782 nəfərin ərizəsi qəbul olunub: “Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərə müraciət edənlərin sayı isə 16 195 olub. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, İngilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul tarixində həyata keçirilməsi nəzərdə tutulub. 21-23 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq. Hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək”.

F.Qədirov vurğulayıb ki, test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcək. Onun sözlərinə görə, universitetdə lokal şəbəkə qurulub və serverə qoşulub: “Bu mərhələni başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq. Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin hər biri üçün bərabər şəraitin yaradılmasına, imtahan və müsahibə prosedurlarının şəffaf keçirilməsinə zəmanət verir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar