Vahid məktəbli forması ala bilməyənlərə şad xəbər
13 Sentyabr 2011 Çərşənbə Axşamı 15:54
Bakı Baş Təhsil İdarəsi məktəbli formalarının alınması üçün vaxtı uzatdı
Bu il tədris ilində Azərbaycanda ilk dəfə olaraq 320 minə yaxın məktəblinin vahid məktəbli formasına keçidi nəzərdə tutulub. Bunların içərisindən 33 minə yaxın I sinfə gedən uşaqlardır. Onların da hamısı məktəbə vahid məktəbli formasında getməlidir.
Bakı Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının ANS TV-yə verdiyi məlumata görə, məktəbli formasının alınmasında çətinliklə qarşılaşan valideynləri nəzər alaraq oktyabr ayının 1-nə qədər vahid məktəbli formasının alınma vaxtı uzadılıb.
“Biz valideynlərin təşvişini nəzərə alıb, oktyabrın 1-nə qədər vaxtı uzatmışıq. Yetər ki, şagirdlər dərsə ağ köynək, qara ətək yubka və şalvarda gəlsinlər”.
Xatırladaq ki, ötən gün “Bakı Tikiş Evi” ASC-nin Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi 17-də yerləşən dükanında satıcılarla valideynlər arasında mübahisə sonda dava ilə nəticələnib. Hadisəyə polislər müdaxilə etməli olub. Hadisə şahidlərinin sözlərinə görə, insidentin baş verməsinə səbəb dükanda işləyən satıcıların valideynlərlə qeyri-etik davranması olub. Hadisə nəticəsində dükanın şüşələri qırılıb, xəsarət alanlar da olub.
DOSTLARINLA PAYLAŞ: