Universitet rəhbəri həbs olunub
14 Mart 2009 Şənbə 11:50
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin birgə tədbirləri nəticəsində vətəndaşları aldadaraq, onların pullarını mənimsəmiş şəxs saxlanılıb.
Bu barədə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun APA-ya daxil olan birgə məlumatında bildirilib.

Məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu 3169 ünvanında qanunsuz fəaliyyət göstərən “Ümumdünya Texnologiya Universiteti”nin Bakıdakı struktur bölməsinin rəhbəri, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Zülfi Babayevin vətəndaşları aldadaraq onlardan 300-5000 manat məbləğində pul alaraq qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinə qəbul etdiyi müəyyənləşib. O, hər bir tələbədən bir tədris ili üçün 700 manat alıb.

“Nab” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olan Z. Babayev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək üçün vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib. O, dövlət qeydiyyatı və lisenziyası olmadan Rusiya Federasiyasının Moskva şəhərində yerləşən YUNESKO «Ümumdünya Texnologiya Universiteti»nin rəhbərliyi ilə aralarında bağlanmış 01 fevral 2008-ci il tarixli, 007-PI nömrəli müqaviləyə, həmçinin həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməyə əsaslanaraq tədris kursları təşkil etmək adı altında Bakıda bu universitetin nümayəndəliyini yaradıb. Z. Babayev Azərbaycan ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah edərək, nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsilə tələbələr cəlb edərək, bu şəxslərə tələbə biletləri, imtahan kitabçaları verməklə müvafiq tədris işlərini həyata keçirib. O, qanunsuz fəaliyyət göstərən tədris müəssisəsində fəaliyyət göstərən müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi Quliyev Qafur Rahil oğlu, Rəhimli Ağa Əlihüseyn oğlu, Babaxanov Sərxan Tahir oğlu, Rəsulzadə Kənan Qadir oğlu, Xəlilov Ülvü Xəlil oğlu, Mirzağayeva Aygün Allahyar qızı, Təhməzov Anar Xanış oğlu, Qasımova Arzu Binnət qızı, İsgəndərova Aygün Rafiq qızı, Kazımova Mənsumə Balaxan qızı və digər tələbələrin hər biri üçün özlərindən və ya valideynlərindən 700 manat pul alıb. Bununla da külli miqdarda gəlir əldə edən Z. Babayev adıçəkilən şəxslərə külli miqdarda ziyan vurub. Eləcə də göstərilən şəxslərin Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan qanunsuz yolla təhsil almalarını təşkil etməklə onların hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub.

Toplanmış material üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.1 və 308.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilib.

Törətdiyi əməlinə görə, Z. Babayev qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə Cinayət Məcəlləsinin 192.1 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qisminə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məlumatda bu təşkilatın qanunsuz hərəkətlərinə məruz qalmış və ya baş vermiş qanunazidd əməllər barədə hər hansı məlumatı olan vətəndaşlardan göstərilən telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunub: 449-39-16, 449-39-05, 492-55-40.


DOSTLARINLA PAYLAŞ:

oyunlar