Türkiyədə oxumaq istəyənlər imtahan verib
25 Aprel 2010 Bazar 16:45
Bu il Azərbaycan gənclərinə Türkiyənin 12 universitetində təhsil almaq üçün 48 yer ayrılıb.
Aprelin 25-də Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanları keçirilib. Paytaxtda imtahanlar Bakı Dövlət Universitetində, Naxçıvan şəhərində isə Naxçıvan Dövlət Universitetində təşkil olunub.

İmtahanda abituriyentlərə 100 test tapşırığı təqdim olunub, sualları cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Türk dilindən imtahan verən abituriyentlərə isə əlavə 60 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, bu il Azərbaycan gənclərinə Türkiyənin 12 universitetində təhsil almaq üçün 48 yer ayrılıb. Sənəd qəbulu aprelin 5-dən 17-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvan şəhərlərində təşkil olunmuş Sənəd Qəbulu komissiyalarında aparılıb.

Türkiyədə ali təhsil almaq arzusunda olan 1636 abituriyent sənəd verib (Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 1454, rus bölməsi üzrə 182 nəfərdir).

Müsabiqə Türkiyə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılıb. Nəticələr Türkiyə tərəfindən TQDK-ya göndərildikdən sonra qəbul olanların siyahısı KİV-lərdə dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcək.

Müsabiqədən keçən abituriyentlər Türkiyədə bir tədris ili müddətində Türkcə Öyrətim mərkəzlərində türk dili hazırlığı kursu keçəcək. Türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar