Türkiyə universitetlərinə sənəd qəbulu hələlik dayandırılıb
08 Aprel 2011 Cümə 10:34
Bizim qəbul etmədiyimiz ixtisaslar ləğv edilməli, Türkiyə yeni, tibb və mühəndislik ixtisasları üzrə yerləri Azərbaycana təqdim etməlidir”
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın təhsil nazirin müavini Elmar Qasımovun APA-ya müsahibəsi
- Türkiyə və Azərbaycan arasında imzalanmış dövlətlərarası müqaviləyə uyğun olaraq, Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin qəbul aparılacağı ixtisasların adları, plan yerləri Azərbaycanla razılaşdırılmalıdır. Amma bu il buna əməl edilmədi. Problem nədən yaranıb?
- Türkiyə ilə təhsil əlaqələrimiz böyükdür. Hazırda Türkiyədə həm dövlət, həm də qeyri-dövlət xətti ilə 2500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Tələbələrimiz əsasən, tibb və mühəndislik ixtisaslarında təhsillərini davam etdirirlər. Hər il Türkiyə tərəfi Təhsil nazirlikləri arasında imzalanmış müqavilə əsasında Azərbaycan Təhsil Nazirliyinə kvotalar ayırır. Bu kvotaların sayına uyğun olaraq, Azərbaycan Təhsil Nazirliyi Türkiyə tərəfinə Azərbaycan üçün vacib və ehtiyacı olan ixtisaslar üzrə tələbatı göndərir. Biz həmişə Türkiyə tərəfindən bu ölkənin ən nüfuzlu universitetlərinin tibb, mühəndislik, kompüter mühəndisliyi, təyyarə mühəndisliyi, elektronika mühəndisliyi, turizm otelçilyi, biotexnologiya, genetika kimi ixtisaslarına qəbul aparılmasını xahiş edirik. Bunun əsasında da Türkiyə tərəfi bu yerləri bizə verir. Biz isə o yerlərə və ixtisaslara uyğun olaraq, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edirik. Həmin yerlərə qəbul üçün də TQDK elan verir və tələbə qəbulunu həyata keçirir. Uzun illərdir ki, proses belə gedib. Bu il isə Türkiyədə yeni qurum yaradılıb. Artıq Türkiyədə bu proseslərə nəzarəti Türkiyənin Milli Təhsil Nazirliyi deyil, türk toplumları və xalqları ilə işləmək məqsədilə yaradılan yeni idarə həyata keçirməyə başlayıb. Türkiyə tərəfi bu il ixtisasların seçilməsi, sənədlərin qəbulu və qəbul prosesinin özləri tərəfindən aparılması barədə qərar qəbul edib. Təbii ki, bu da Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Milli Təhsil Nazirliyi arasında imzalanmış protokola ziddir.
- Türkiyə tərəfi azərbaycanlı gənclərin dövlət xətti ilə tibb, mühəndislik ixtisaslarına qəbulunu dayandırıb. Bəs, bunun müqabilində Azərbaycana hansı yeni ixtisasları təklif edib?
- Onların təqdim etdikləri ixtisaslar Azərbaycan tərəfini qane etmir. Məsələn, fənn ədəbiyyatı müəllimliyi, ilahiyyat, pedaqogika ixtisaslarına Azərbaycanda ehtiyac yoxdur. Əvvəla, bu sahədə ali məktəblərimiz var, müəyyən ali təhsil ocaqlarında belə kadrlar hazırlanır. Bizim xaricdə müəllim hazırlamağa ehtiyacımız yoxdur. İkincisi, Azərbaycanda TQDK var və tələbə qəbulunu bu qurum həyata keçirir. Bu baxımdan biz Türkiyə tərəfinə həm ixtisaslar, həm universitetlər, həm sənədlərin qəbulu, həm də tələbə qəbulu ilə bağlı fikirlərimizi bildirdik. Çox yaxşı haldır ki, Türkiyə səfirliyi təkliflərimizi çox yüksək səviyyədə qəbul etdi və bizim mövqeyimizlə tamamilə razılaşdı. Onların dəstəyi ilə sənədlərin qəbulu hələlik dayandırılıb. Artıq Türkiyə tərəfi ilə danışıqlar gedir. Hazırda Türkiyə tərəfi protokoldan kənara çıxma hallarının olmaması üçün bizim fikirlərimizi müzakirə edir. Azərbaycan üçün vacib olan ixtisasları biz bilir və müəyyənləşdiririk. Türkiyə tərəfi də bizim bu fikirlərimiz qəbul edib. Yəqin ki, bu günlərdə Azərbaycanın mövqeyinə uyğun qərar qəbul olunacaq.
- Sənəd qəbulu nə vaxt bərpa ediləcək?
- Hazırda müzakirələr gedir. Yəqin ki, bu günlərdə sənədlərin qəbulu bərpa ediləcək. Biz yeni ixtisaslar gözləyirik. Bizim qəbul etmədiyimiz ixtisaslar ləğv edilməli və onlar yeni, tibb və mühəndislik ixtisasları üzrə yerləri Azərbaycana təqdim etməlidirlər.
- Əgər Türkiyə tərəfi yenidən Azərbaycanın mövqeyinə uyğun olmayan qərar qəbul etsə, bu dəfə Azərbaycan hansı addımlar atacaq?
- Biz hər hansı bir addımımızı hökumətlərarası saziş əsasında qururuq. Təbiidir ki, bizim addımlarımız yalnız və yalnız Azərbaycanla Türkiyə arasında imzalanmış müqavilə çərçivəsində həyata keçiriləcək. Bizim mövqeyimiz də məhz bu sazişlərin yerinə yetirilməsidir.
- Türkiyə saytlarının yazdığına görə, Türkiyə tərəfi bu planı Azərbaycana məcburən imzalatmaq istəyib. Azərbaycan isə bunu müstəmləkə nöqteyi-nəzərindən yanaşma kimi qəbul edib...
- Məsələni siyasiləşdirmək və dərinləşdirmək lazım deyil. Türkiyə saytlarında yazılan məlumatların heç bir əsası yoxdur. Təbii ki, hər bir nazirlik, idarələr arasında belə məsələlər ortalığa çıxır. Bunlar da danışıqlar yolu ilə həll olunur. Bir müddət öncə bizim Türkiyədə tibb təhsili alan tələbələrimizə diplomlarının verilməsində problem yaranmışdı. Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasında bu məsələ qaldırıldı və müsbət həll olundu. Belə problemlər vaxtaşırı çıxır, həll olunur. Onları dərinləşdirməyi məqsədəuyğun hesab etmirəm. Bu, sırf tədris, təhsil prosesidir. Həm də yəqin ki, yeni yarandığı üçün həmin qurumun bu istiqamətlər üzrə olan sazişlərdən xəbəri yoxdur.
- Bu proses qarşılıqlı şəkildə Azərbaycanda türkiyəli gənclərin təhsil almasına problem yarada bilərmi?
- Xeyr, biz Azərbaycan tərəfi olaraq, imzalanmış sazişləri həmişə yerinə yetirmişik və bu gün də yerinə yetiririk. Qarşı tərəfdən də öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini istəyirik.
- Ölkə başçısı xaricdə təhsil üçün bəzi ixtisaslara xüsusi önəm verilməsini tapşırıb. Xaricdə təhsil üçün bundan sonra hansı ixtisaslara daha çox üstünlük veriləcək?
- Azərbaycanın iqtisadi inkişafı ilə bağlı prioritet ixtisaslarımızı getdikcə yeniləşdiririk. Xaricdə təhsil üzrə Dövlət Proqramın həyata keçirilməsi ilə bağlı biz əsasən tibb, mühəndislik, fundamental elmlər, biotexnologiyalar, genetika, turizm otelçilik, kənd təsərrüfatı və digər vacib ixtisasları prioritet elan etmişik. Bu il də əsas üstünlüyü bu ixtisaslara verəcəyik. Artıq bu gün Almaniyaya tələbə qəbulu yekunlaşıb. Almaniya Tələbə Mübadilə Xidməti bu ölkədə təhsil alacaq gənclərimizi seçib.
- Xaricdə təhsil alan azərbaycanlıların vətənə geri qayıtması üçün stimullaşdırıcı tədbirlərin keçirilməsi tutulur?
- Bu gənclərin Azərbaycana geri qayıtması ilə bağlı heç bir problem yoxdur. Bizim xaricdə təhsil alıb vətənə dönmüş gənclərimiz bu gün ölkənin tibb müəssisələrində, şirkətlərdə uğurla çalışırlar. Tələblərimiz geri qayıdarkən işlə bağlı heç bir problemlə qarşılamırlar. Onlara iş üçün bir neçə variant təklif olunur. Həmin gənclərə test imtahanı vermədən birbaşa dövlət qulluğuna qəbul olunmaq hüququ verilib. Onlar bu hüquqdan istifadə edə bilərlər. Deyə bilərəm ki, bizim bu sahədə işimiz çox qənaətbəxşdir, gənclərimiz də vətənə çox həvəslə geri dönürlər və dönəcəklər. Hətta azərbaycanlı olaraq, xaricdə hər hansı bir gəncin işləməsi də Azərbaycanın qazancıdır. Çünki dünyada Azərbaycan diasporuna böyük ehtiyac var. Hansısa bir ölkənin universitetində ictimai-siyasi fikrin formalaşmasında iştirak etməyin özü də Azərbaycana xidmət etməkdir.
- Prioritet elan olunan ixtisaslar, məsələn, tibb ixtisasları üzrə Azərbaycanda kifayət qədər kadr hazırlanır. Həmin kadrların da çoxu özlərinə iş tapmaqda çətinlik çəkir. Bu halda həmin ixtisaslar üzrə xaricdə təhsil zərurəti nədən yaranır? Eyni ixtisas üzrə Azərbaycanda və xarici ölkədə təhsil alan gənclərin təhsil səviyyələri arasında fərqlər çoxdurmu?
- Dünyanın çox nüfuzlu universitetləri, tibb mərkəzləri var. Tibb sahəsindəki yenilikləri həmin mərkəzlər kəşf edir, müasir avadanlıqları həmin mərkəzlər istehsal edir. Təbii ki, orada yeni müalicə formaları da tətbiq edilir. Tələblərimizin öz təhsillərini bu ölkələrin yüksək səviyyəli tibb mərkəzlərində davam etdirməsi ümumi işimizə xeyirdir. Xaricə gedən tələbələrin əksəriyyəti 6 il Azərbaycan Tibb Universitetində təhsil alan gənclərdir. Onlar 6-7 il təhsillərini yenidən xarici ölkələrdə davam etdirirlər. Burada qazandıqları bilik və bacarıqlarını həmin ölkədə inkişaf etdirirlər. Dünyanın bütün ölkələri tələbə mübadiləsindən istifadə edir. Biz də bu mübadilədən istifadə edərək onun xeyrini görürük. Niyə biz Türkiyə və Almaniya kimi ölkələrdə qazanılan nailiyyətlərdən yararlanmayaq? Onların təcrübəsini öyrənməyə bizdə hər zaman böyük ehtiyac olub və biz də bundan istifadə edirik.
- Liviya və Misirdə baş verən inqilablar, Yaponiyadakı təbii fəlakət həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin təhsilində problem yaratdımı? Həmin gənclər hazırda təhsillərini davam etdirə bilirlər?
- Yaponiyada bizim az sayda da olsa, tələbələrimiz var. Onlar təhsillərini davam etdirirlər. Həmin tələbələr, əsasən, Tokio şəhərində təhsil alırlar. Amma Misirdə təhsil alan tələbələrimizin hamısı Vətənə dönmüşdü. İndi isə bu tələbələrimizin çoxu oxuduğu ali məktəblərə geri qayıdıblar. Amma bəziləri Misirdə oxumaqdan imtina etdikləri üçün onların Azərbaycanın ali məktəblərində təhsillərini davam etdirməsinə imkan yaratmışıq. Liviyada isə dövlət xətti ilə tələbələrimiz təhsil almır.
- Son zamanlar sosial şəbəkələrdə gənclər tərəfindən kütləvi mitinqlərə çağırışlar edilir. Xaricdə təhsil alan tələbələrimiz bu çağırışlarda iştirak edirlərmi?
- Ölkə prezidentinin təsdiqlədiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gəncimiz xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Orada bizim tələbələrimiz azərbaycançılıq, dövlətçilik mövqeyindən çıxış edirlər. Xaricdə təhsil alan bütün tələblərimiz Azərbaycan dövləti və prezidenti ilə birgədir. Sosial şəbəkələrdə 1-2 fikrə qarşı yüzlərlə dövlətçilik mövqeyində olan münasibət də var. Müxalifət bu qədər hay-küylə martın 11-də və aprelin 2-də mitinq göstərməyə cəhd göstərdi, amma həmin mitinqlərdə gənclər, ümumiyyətlə ictimaiyyət iştirak etmədi. Təsəvvür edin ki, onlar aprelin 2-də olan mitinqi Bakının ən izdihamlı küçəsi olan Nizamidə keçiriblər. İzdihamlı küçədə mitinqin keçirilməsinə ona görə cəhd edilir ki, bu küçədəki izdihamın şəklini çəkib sosial şəbəkələrdə yayımlasınlar. Bununla da göstərsinlər ki, yəni belə bir mitinq keçirildi. Amma bu, küçənin öz izdihamıdır. Əli Kərimli deyir ki, gənclər mənim evimin altında aksiya keçirir. Onda sən niyə Nizami küçəsində yaşayan insanların yaşayışını, istirahətini pozursan? Həmin küçədə insanların mağazalarının şüşələrini qırıblar. Buna nə ad vermək olar? Sən öz istirahətini fikirləşdiyin halda, digərlərin istirahətini niyə pozursan? Ona görə də son iki aksiya sübut etdi ki, Azərbaycanda müxalifətin heç bir sosial bazası yoxdur.
DOSTLARINLA PAYLAŞ: