Türkiyə universitetlərinə sənəd qəbulu başlayır
06 Mart 2010 Şənbə 11:35
İmtahan 2010-cu il aprel ayının 25-də test üsulu ilə keçiriləcək
2010/2011-ci tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün hal-hazırda 11-ci sinifdə təhsil alan, 1 yanvar 2010-cu il tarixinə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş, ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər.
Ərizələrin qəbulu 5 - 17 aprel 2010-cu il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək aşağıda göstərilən Sənəd Qəbulu Komissiyalarında aparılacaq:
1.Bakı ş. Azərbaycan Texniki Universiteti
2.Bakı ş.Azərbaycan Memarlıq və İnşaat Universiteti
3.Naxçıvan ş.TQDK-nın Naxçıvan regional bölməsi
4.Gəncə ş.TQDK-nın Gəncə regional bölməsi
5.Sumqayıt ş. Sumqayıt Dövlət Universiteti
6. Lənkəran ş.TQDK-nın Lənkəran regional bölməsi
7. Şəki ş. TQDK-nın Şəki regional bölməsi
8. Quba ş. TQDK-nın Quba regional bölməsi
9. Şirvan ş. Şirvan şəhər təhsil şöbəsi
İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, orta məktəbi bitirdikləri haqqında attestatın əslini və yaxud hal-hazırda 11-ci sinifdə təhsil almaqları haqqında arayışı, 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkli Sənəd Qəbulu Komissiyasına təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar.
Abituriyentlər ərizə vermək və imtahanda iştirak etmək üçün pul ödəmirlər.
İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 22-24 aprel 2010-cu il tarixlərində ərizə verdikləri Sənəd Qəbulu Komissiyalarına müraciət etməlidirlər. İmtahana buraxılış vərəqəsini almayan abituriyentlər imtahana buraxılmayacaqlar. İmtahan 2010-cu il aprel ayının 25-də test üsulu ilə keçiriləcək.
Abituriyentlər Türkiyə Respublikasının ali məktəblərinin ixtisasları haqqında məlumatı müvafiq Sənəd Qəbulu Komissiyalarından ala bilərlər.
Abituriyentlər imtahanı Azərbaycan və ya rus dilində verə bilərlər.
Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Abituriyentlərin səhvlərinə görə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi məsuliyyət daşımır. Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində «Türkcə Öyrətim Mərkəzləri»ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaq.
Qeyd edək ki, Türkiyə Respublikasının ali məktəblərinə daxil olanlar 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: