Türkiyə universitetlərinə sənəd qəbulu başlayır
06 Mart 2010 Şənbə 11:05
Türkiyə dövlətinin xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün sənəd qəbulu elan ediləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün hazırda 11-ci sinifdə təhsil alan, 1 yanvar 2010-cu il tarixinə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş, ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər.
Ərizələrin qəbulu aprelin 5-17-də (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Bakıda Azərbaycan Texniki, Memarlıq və İnşaat Universitetlərində, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrində, Sumqayıt Dövlət Universitetində, Şirvan şəhər Təhsil Şöbəsində aparılacaq. İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, orta məktəbi bitirdikləri haqqında attestatın əslini və yaxud hazırda 11-ci sinifdə təhsil almaqları haqqında arayışı, 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkili Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar.
Abituriyentlər ərizə vermək və imtahanda iştirak etmək üçün pul ödəmirlər.
İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər aprelin 22-24-də ərizə verdikləri SQK-yə müraciət etməlidirlər. İmtahana buraxılış vərəqəsini almayan abituriyentlər imtahana buraxılmayacaqlar. İmtahan aprel ayının 25-də test üsulu ilə keçiriləcək.
Abituriyentlər imtahanı Azərbaycan və ya rus dilində verə bilərlər. Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Abituriyentlərin səhvlərinə görə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi məsuliyyət daşımır. Müsabiqədən keçən abituriyentlər Türkiyədə bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.
Qeyd edək ki, Türkiyənin ali məktəblərinə daxil olanlar 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər. APA
DOSTLARINLA PAYLAŞ: