TQDK sədri attestatların gecikməsinin səbəblərini açıqlayıb
22 İyun 2012 Cümə 13:36
Təhsil Nazirliyinin elektron bazasındakı məlumatlar dəqiq deyil.
“Valideynlər müraciətlər edirlər ki, attestatların yazılması niyə gecikir. Ölkə prezidentinin fərmanına əsasən məlumat bazaları bizə Təhsil Nazirliyi tərəfindən təhvil verilməli idi. Biz qeyd etmişdik ki, həmin təhsil bazaları TQDK-ya veriləndə müəyyən dəqiqləşmələr aparılacaq. Bu dəqiqləşmələr indiyə qədər də aparılır. Yalnız Bakı üzrə imtahan verən 20 mindən çox şagirdin 1800-nün ad-soyadında və atalarının adlarında uyğunsuzluqlar aşkar olunub”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu proses zamanı texniki səhvlər də ola bilər: “Amma bazada bir hərf ayrıdırsa, bu artıq ayrı insan kimi qəbul olunur. Mən başa düşmürəm, Təhsil Nazirliyinin TİMS elektron bazası neçə illərdir fəaliyyət göstərir və onun strukturu çox gözəldir. Amma bazada olan məlumatların düzgünlüyü, dəqiqliyi reallığa uyğun deyil. Bu işlər çox ciddi işlərdir. Hər bir rayon təhsil şöbəsi öz məzunlarının əvvəlki illərdəki illik qiymətlərini bizim verdiyimiz bazaya daxil etməli idilər. TİMS-də bu məlumatlar elektron formada olmalı idi. Amma bu məlumatlar bizə verilməmişdi və rayon təhsil şöbələri tərəfindən təzədən yığılır. Biz məntiqi yoxlamalar keçiririk. Dünən Bakı üzrə məntiqi yoxlamalarda 800 nəfərin qiymətləri ilə əlaqədar uyğunsuzluqlar aşkar edilib. Bu gün səhər artıq mənə məlumat verilib ki, Bakı üzrə baza artıq təmizlənib. TQDK-nın bazasında olan məlumatlar isə çox təmizdir. Çünki bu baza sonradan avtomatik olaraq tələbə-məzun bazasına keçəcək. Bu bazada səhvlər ola bilməz. Bakı üzrə belədirsə, rayonların təhsil bazaları necədir, bunu bilmirik”.
TQDK sədri bəyan edib ki, bu gün Bakı üzrə məlumatlar elektron formada Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə veriləcək və onlar şagirdlərə attestat verə biləcəklər: “Bu prosesi daha da tezləşdirmək üçün TQDK hər məktəbə aid olan elektron və çap olunmuş formalar hazırlayıb. Uşaqlara elektron attestatlarla yanaşı, real attestatlar da veriləcək. Amma qəbul imtahanları zamanı TQDK-ya real attestatlar lazım olmayacaq. Çünki oktyabr ayından TQDK hər bir müraciət edən uşağa elektron formada onun attestat faylını verə biləcək. İndi bu xidməti göstərməyə bizim texniki imkanımız var. Gələcəkdə bu məlumatları ayrıca serverdə yerləşdirəcəyik”.
DOSTLARINLA PAYLAŞ: