TQDK məktəblərə ərizə qəbulu elan edib
17 Aprel 2009 Cümə 13:05
TQDK ali məktəblərinə və orta ixtisas məktəblərinə ərizə qəbulu elan edib. Abituriyentlər aprelin 21-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalılıdırlar

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbulu elan edib. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, ərizə qəbulu elanının tam mətni «Abituriyent» jurnalının 2-ci sayında nəşr olunub.

Ərizə qəbulu aprelin 21-dən mayın 31-dək keçiriləcək. Abituriyentlər ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün aprelin 21-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalılıdırlar. Daha sonra müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini aprelin 28-dən mayın 31-dək təsdiq etdirməlidirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.
Ali və orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər test imtahanından əlavə qabiliyyət imtahanı da verməlidirlər. Qabiliyyət imtahanı test imtahanından sonra keçirilir. Test və qabiliyyət imtahanlarının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini yerinə yetirənlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edə bilərlər.
Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 28-dən mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Qeydiyyata alınmış abituriyent qabiliyyət imtahanlarının cədvəlini götürür və cədvəl üzrə qabiliyyət imtahanları verir.
Qabiliyyət imtahanlarında yalnız test imtahanında topladığı ümumi balı müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər. «Abituriyent» jurnalının 2-ci sayında qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar «Ali məktəblər üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları» və «Orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə qabiliyyət imtahanlarının keçirilmə qaydaları»nda verilib.

 /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar