TQDK abituriyentlərə xəbərdarlıq edir
25 May 2012 Cümə 13:56
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixlərinə yenidən baxılacaq.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixlərinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qəbul imtahanlarının tarixlərinin yenidən dəqiqləşdirilməsi zərurəti buraxılış imtahanlarının keçirilməsi ilə bağlıdır.

Komissiya sədri deyib ki, TQDK bütün buraxılış imtahanlarının cədvəlini artıq müəyyənləşdirib. Bu cədvələ uyğun olaraq ölkədə sonuncu buraxılış imtahanı iyulun 4-də olacaq.

“Biz nəzərdə tuturduq ki, ölkə üzrə buraxılış imtahanları elə iyulun 4-də bitəcək. Amma indi belə bir problem ortaya çıxıb ki, eksternat qaydada imtahan verənlərin, əvvəlki illərdə imtahanlarda uğur qazanmayanların siyahısı formalaşır və bu siyahı hələ bizə təhvil verilməyib”, - Abbaszadə əlavə edib.

O qeyd edib ki, bu gündən başlayaraq mayın 30-dək bununla bağlı məlumatlar TQDK-ya təqdim ediləcək. Amma bu məlumatlar hələ tam təsdiqlənmədiyi üçün bu imtahanlarda nə qədər adamın iştirak edəcəyi bəlli deyil. Abbaszadənin sözlərinə görə, iyulun 8-də bütün ölkə üzrə imtahana gəlməyən, problemi olan, əvvəlki illərin məzunları ilə əlaqədar imtahan keçiriləcək.

“Bizə vaxt lazımdır. Biz elə bilirdik ki, baza tam təmizdir. Bununla əlaqədar biz bu siyahıları mayın 30-na qədər əldə edəndən və yoxlama prosesinə başlayandan sonra biləcəyik ki, iyulun 8-də keçiriləcək imtahanda nə qədər adam iştirak edəcək. Bundan sonra biz qəbul imtahanlarının tarixlərini dəqiq elan edəcəyik”, - TQDK sədri qeyd edib.

Məleykə Abbaszadə bunu da xatırladıb ki, builki qəbul imtahanlarının tarixləri TQDK tərəfindən rəsmi olaraq aprelin əvvəlində elan edilmişdi. Amma bu tarixlər ölkə Prezidentinin TQDK-nın səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı aprelin 19-da verdiyi fərmandan əvvəl açıqlanıb.

“Bu tarixlər TQDK-nın səlahiyyətləri artırılmamışdan əvvəl açıqlandığından biz elan etdik ki, qəbul imtahanlarının tarixləri dəyişəcək”, - komissiya sədri nəzərə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar