TQDK abituriyentlərə müraciət etdi
08 May 2013 Çərşənbə 14:58
Rus bölməsinə sənəd verən abituriyentlər üçün mayın 19-da Azərbaycan dili fənnindən imtahan keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi üzrə ərizə verən abituriyentlərə müraciət ünvanlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata əsasən, rus bölməsinə sənəd verən abituriyentlər üçün mayın 19-da Azərbaycan dili fənnindən imtahan keçirəcək.

Bu imtahanda iştirak etmək üçün ərizələrin təsdiqi bu gün - mayın 8-də başa çatır.

Bildirilib ki, qeyd olunan vaxta qədər ərizələrini təsdiq etdirməyən, hər-hansı səbəbdən imtahanda iştirak edə bilməyən, eləcə də “qeyri-məqbul” alan abituriyentlər iyunun 23-də keçiriləcək növbəti Azərbaycan dilli imtahanında iştirak edə biləcəklər.

Abituriyentlər “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün imtahana bir neçə gün qalmış iş nömrəsindən və şifrdən istifadə etməklə internet vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.
Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.


DOSTLARINLA PAYLAŞ:

oyunlar