TQDK 7-ci sinif dərsliklərinə rəy verdi
23 İyul 2013 Çərşənbə Axşamı 11:41
Dərsliklərinin hər biri ilə balı yekun rəylər TQDK-nın saytında geniş şəkildə dərc olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə istifadə edilən 7-ci sinif dərslikləri ilə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb. ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, monitorinqin nəticələrinə əsasən, 7-ci siniflər üzrə 19 dərsliklə bağlı yekun rəylər hazırlanıb.

Rəylərdə 7-ci sinif üzrə hansısa dərsliklərin istifadəsinin məqsədə uyğun olmaması barədə hər hansı qeyd öz əksini tapmayıb. Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün bütün dərsliklərlə bağlı TQDK-ya daxil olmuş və seminarda müzakirə nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur. 7-ci sinif dərslikləri ilə bağlı yekun rəy iyunun 24-də Təhsil Nazirliyinə göndərilib.

Qeyd edək ki, TQDK tərəfindən aparılmış monitorinqlər nəticəsində I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb.

7-ci sinif dərsliklərinin hər biri ilə balı yekun rəylər TQDK-nın saytında (http://tqdk.gov.az/az/monitoring/level7/) geniş şəkildə dərc olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar