Tələbələrin siyahısı Maliyyə Nazirliyinə göndəriləcək
27 Fevral 2013 Çərşənbə 08:08
Ali təhsil müəssisələrinin özünü maliyyələşdirmə mexanizmi hazırlanıb.
Tələbə təqaüdləri indi yeni sistemlə veriləcək. Bu, tələbə təqaüdlərinin verilməsi qaydalarına edilən müvafiq dəyişikliklərlə əlaqədardır. Dəyişikliklər dövlət başçısının 2010-cu ildə ali təhsil müəssisələrinin maliyyələşməsi ilə əlaqədar verdiyi fərman əsasında həyata keçirilib.
Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrinin özünü maliyyələşdirmə mexanizmi hazırlanıb. Bu mexanizmi ilk qəbul edən isə Bakı Dövlət Universitetidir.
BDU-nun rektorunun müşaviri Məzahir Sultanov bununla bağlı bildirib ki, yeni qaydalara əsasən, təqaüd alan tələbələrin siyahısı Təhsil Nazirliyinə təqdim olunacaq, oradan isə Maliyyə Nazirliyinə göndəriləcək. Təqaüdlər dövlət büdcəsindən ayrılacaq:
“Hər ayın 10-dan gec olmayaraq, təqaüd alan tələbələrin siyahısı Təhsil Nazirliyinə təqdim olunacaq. Təqaüdlərin verilməsinin yeni mexanizminin tətbiqində tələbələr üçün bir dəyişiklik olmasa da, qaydalar ali təhsil müəssisələrinin xeyrinə olacaq”.
Yeni mexanizmin tətbiqinə görə, Bakı Dövlət Universitetinin tələbələrinin təqaüdləri bir müddət geciksə də, artıq bu məsələ öz həllini tapıb. Yanvar, fevral və mart ayının təqaüdləri ötən gün Bakı Dövlət Universitetinin bank hesabına yatırılıb.