Təhsil sahəsində əmək haqlarının artırılması planlaşdırılıb
17 Noyabr 2011 Cümə Axşamı 17:46
2012-ci ildə təhsil sahəsində əmək haqlarının artırılması planlaşdırılıb. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik nümayəndəliklərinin əməkdaşlarının əmək haqqı indeksləşdiriləcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Azərbaycanın xaricdəki səfirlikləri və diplomatik nümayəndəliklərinin əməkdaşlarının maaşlarının indeksləşdirilməsi məsələsini razılaşdırıblar”, - deyə S.Şərifov cümə axşamı parlament komitələri tərəfindən 2012-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, layihənin müzakirələri zamanı parlament komitələrinin bir sıra üzvləri həmçinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının əməkdaşlarının maaşlarının artırılmasının məqsədəuyğun olması haqqında fikir səsləndiriblər.
“Xarici İşlər Nazirliyinin əməkdaşları dövlət qulluqçularıdır və onların maaşı ümumi kontekstdə artırılmalıdır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Xarici İşlər Nazirliyinin əməkdaşları əmək haqqından əlavə müəyyən məbləğdə pul almaq hüququna malikdirlər. Son 2 il ərzində Xarici İşlər Nazirliyi əməkdaşlarının maaşlarının artırılması üçün müəyyən addımlar atılıb. Ümumilikdə, hazırda Xarici İşlər Nazirliyində idarə rəisinin əmək haqqı 1,5 min manat və ya $1,8 min təşkil edir ki, bu, yüksək göstəricidir”, - deyə o qeyd edib.
S.Şərifov əlavə edib ki, ümumilikdə, 2012-ci ildə büdcə işçilərinin, həmçinin təhsil sahəsində əmək haqlarının artırılması planlaşdırılıb. “2012-ci il üçün dövlət büdcəsində maaşların artırılması üçün müəyyən maliyyə vəsaitləri nəzərdə tutulub. Bütovlükdə, büdcə işçilərinin əmək haqqı bizim maliyyə imkanlarımıza əsaslanaraq tədricən artırılacaq. Biz, digər ölkələrdə olduğu kimi, maaşları və pensiyaları artırıb, sonra maliyyə problemləri yarananda onları azaltmaq istəmirik”, - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: