Təhsil qanunu layihəsi
17 İyun 2009 Çərşənbə 21:20
Təhsil üzrə ekspert Məlahət Mürşüdlü hesab edir ki, doktorantura pilləsinin iki hissəyə bölünməsi lüzümsuzdur

 

Milli Məclisin iyunun 19-da sonuncu, üçüncü oxunuşda müzakirə edəcilək «Təhsil haqqında» qanun layihəsinin bir sıra müddəaları sənədi geriyə doğru addım kimi qiymətləndirməyə əsas verir. Təhsil sahəsində mütəxəssisləşən Məlahət Mürşüdlünün sözlərinə görə, bir çox məqamlar sənəddə nəzərə alınmayıb.

«Müəllim maaşlarının bazar qiymətlərinə indeksasiyası, müəllimlərin evlə təminatı, "Bolonya sistemi" burada yoxdur. Universitetlərin muxtariyyatlaşması və maliyyələşməsi də yoxdur»,- deyə M.Mürşüdlü qeyd edib.

Məlahət Mürşüdlü qanunun yeni variantında orta təhsilini başa vuran məzunlara medalların verilməsinin nəzərdə tutulmasını və bu medal sahiblərinə ali məktəblərə qəbul zamanı güzəşt olunması təcrübəsinin sovet dövründə də mövcud olduğunu və özünü doğrultmadığını bildirib. O, beynəlxalq olimpiadaların qaliblərinin də ali məktəblərə imtahansız qəbul edilməsinin əleyhinə çıxıb.

Qeyd edək ki, qanunun yeni variantı ali təhsil- bakalavr, magistratura və doktorantura olmaqla üç mərhələdən ibarətdir. Amma doktorantura pilləsinin özünün də 2 hissəyə bölünməsini təhsil üzrə ekspert lüzümsuz hesab edib. «Doktoranturada iki pillənin olması bizə nə verəcək? Bakalavratura tam ali təhsil olsa da, bu, sənə hansısa ali məkitəbdə ixtisas üzrə dərs keçməyə imkan vermir»,- deyən M.Mürşüdlü bunu qanundakı boşluq kimi qiymətləndirib.

Ekspert həmçinin qanun layihəsində icbari təhsilin müddətinin göstərilməməsinin Konstitusiyanın təhsillə bağlı maddəsinə zidd olduğunu və Azərbaycanın qoşulduğu "Bolonya sistemi"nə uyğun gəlmədiyini bildirib.
«Təhsil haqqında» qanunla bağlı cəmiyyətdə səslənən bu və digər iradlarla bağlı sənədə ən çox qəbul olunmuş təklif verən qurum - Təhsil Nazirliyi isə deyilənlərlə razılaşmır. Nazirliyin şöbə müdiri Aydın Əhmədov bildirib ki, layihədə icbari təhsilin müddətinin göstərilməməsinin qanundakı boşluqla əlaqələndirilməsi düzgün deyil. Şöbə müdiri doktorantura pilləsinin iki mərhələdən ibarət olmasını təhsil sisteminin qərb standartlarına inteqrasiya ilə əlaqələndirib.

Orta məktəb şagirdlərinə medalların verilməsinə və bunun abituryentə ali məktəblərə qəbul zamanı əlavə güzəştlər verməsinə, beynəlxalq olimpiadaların qaliblərinin institutlara müsabiqəsiz girməsinə gəlincə, Aydın Əhmədov bu maddənin şagird və məzunların təhsilinin stimullaşdırması, məktəblərdə təhsil səviyyəsinin artırılması məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, qanun layihəsinin hazırlanması prosesində sadaladığımız məsələlər də daxil olmaqla bir neçə təklifi nəzərə alınmayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qanunun Milli Məclisdə qəbuluna qədər şərh verməyi məqsədəuyğun hesab etməyib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar