Təhsil Nazirliyinin "qaynar xətti"nə 143 müraciət olub
10 Mart 2010 Çərşənbə 10:05
Buraxılış imtahanları, müəllimlərin işə qəbulu ilə əlaqədar sorğuların sayı xeyli artıb
2010-cu ilin ilk iki ayı ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 143 müraciət daxil olub. Nazirliyin məlumatına görə, qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si elektron poçtla göndərilib.
Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir.

Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub.

Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

“Qaynar xətt” xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya yönəldilib.
2010-cu ilin yanvar-fevral ayları ərzində nazirliyin “Qaynar xətt” xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub.

Qeyd edək ki, 2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar