Təhsil Nazirliyinə 4 milyon manat ayrılıb
11 Sentyabr 2009 Cümə 09:30
Vəsait məktəbəqədər təhsil və texniki peşə təhsil müəssisələrinin tikintisinə xəclənəcək
Prezident İlham Əliyev məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncama görə, ölkədə məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması işlərinin,habelə texniki peşə təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 (dörd) milyon manat məbləğində vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək barədə tapşırıq verilib.
Hazırda respublikada 100 mindən çox uşağı əhatə edən 1604 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Respublikada mövcud olan 108 peşə məktəbi və peşə liseylərində isə 130 peşə üzrə 25 mindən artıq şagird təhsil alır.
DOSTLARINLA PAYLAŞ: