Təhsil Nazirliyində yeni təyinatlar
03 İyun 2013 Bazar Ertəsi 10:15
Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Təhsil nazirliyində yemni kadr təyinatı olub. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, nazirinin müvafiq əmrinə əsasən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.
Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycanın Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
Qeyd edək ki, təhsil nazirinin digər əmrinə əsasən İlham Pirməmmədov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.
DOSTLARINLA PAYLAŞ: