Təhsil Nazirliyi qalibləri mükafatlandırıb
23 Avqust 2013 Cümə 22:17
Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.
Təhsil Nazirliyi bu gün IV “Elektron təhsil” və “1 şagird : 1 kompüter” müsabiqələrinin qaliblərini mükafatlandırıb. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadən verir ki, hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilib. Belə ki, iştirakçılar www.musabiqe.edu.az səhifəsindən qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə göndərib. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilib.

“Elektron təhsil” müsabiqəsinin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır.
“Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunub.

Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilib.

“1 şagird : 1 kompüter” müsabiqəsinin əsas məqsədi Təhsil Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən müəllimlərin qatıldığı müsabiqəyə 206 layihə təqdim edilib.

Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilib. Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u qalib gəlib.

Müsabiqədə qalib gələn müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar