Təhsil Nazirliyi Məleykə Abbaszadənin ittihamlarına cavab verib
07 İyul 2012 Şənbə 17:01
Qurum TQDK sədrinin ittihamlarını əsassız, qərəzli və böhtan adlanırıb.
Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı məlumat yayıb. Nazirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müsahibələrində göstərdiyi məlumatlarla bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur.
Həmin müraciətlərdə ölkənin təhsil ictimaiyyəti, ziyalılar bu “şok” açıqlamaların nə dərəcədə həqiqətə uyğun olub olmaması ilə maraqlanırlar. Bununla əlaqədar bildirilir ki, son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilib: “Faktlara müraciət edək.
Komissiya sədri iddia edir ki, ötən dərs ilində ölkənin ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirən 22 min şagirdin aqibəti məlum deyil və bu Təhsil Nazirliyinin “dəhşətli pripiskası” kimi təqdim edilir. Reallıq isə bundan ibarətdir ki, IX və XI sinifləri bitirən 220 min şagirddən imtahanda iştirak etmədiyi güman edilən 22 min şagird imtahandan azad edilən, illik qeyri-müvəffəq qiymətlər aldığına görə imtahanlara buraxılmayan və az hissəsi isə müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyənlərdir.
Onu da diqqətə çatdırırıq ki, təhsil sahəsində qiymətləndirmə məsələlərinə az-çox bələd olan mütəxəssislər yaxşı bilirlər ki, belə hallar hər tədris ilində olur və heç bir “dəhşətli pripiska”dan söhbət belə gedə bilməz.
Təhsil ictimaiyyətinin fikrincə, M. Abbaszadənin son illərdə müntəzəm olaraq kütləvi informasiya vasitələrində təhsil, məktəb, müəllim haqqında söylədikləri əsassız, qərəzli fikirlər ölkədə təhsili və məktəbi nüfuzdan salmağa yönəlmiş cəhddən başqa bir şey deyil.
M. Abbaszadənin Təhsil Nazirliyinin indiyə kimi keçirdiyi imtahanların gözdən pərdə asmaq məqsədi daşıması barədə fikrinə gəldikdə isə bildiririk ki, son illərdə Təhsil Nazirliyinin apardığı qiymətləndirmə islahatları, o cümlədən buraxılış imtahanları beynəlxalq təcrübəyə əsaslanıb və Azərbaycan hökumətinin təsdiq etdiyi Konsepsiyaya uyğun həyata keçirilib. Bu mənada TQDK sədrinin fikirləri qeyri-ciddidir və hansı arqumentlərə əsaslandığı məlum deyildir.
Halbuki, kifayət qədər əsaslı arqumentlər var ki, TQDK-nın həyata keçirdiyi imtahanların heç bir elmi, metodiki və pedaqoji əsası yoxdur və dünyanın heç bir ölkəsində bu üsulla ali məktəblərə qəbul imtahanları keçirilmir.
Sonda onu da qeyd etməyi vacib hesab edirik ki, yaxşı olar ki, hər bir dövlət qurumu ona tapşırılmış işlə məşğul olsun və başqa dövlət qurumunun işinə əsassız müdaxilələr etməsin.
Təhsillə bağlı bu və ya digər fikirlər yürüdən insanlara, mətbuat orqanlarına məsləhət bilirik ki, bu işə mümkün qədər həssas, məsuliyyətlə yanaşsınlar, çünki onların hər biri Azərbaycan məktəbinin yetirməsidir”.
DOSTLARINLA PAYLAŞ: