Təhsil Nazirliyi: Məleykə Abbaszadənin fikirləri yanlış, əsassız və böhtandır.
27 Noyabr 2012 Çərşənbə Axşamı 16:18
Qurum TQDK sədrinin fikirlərinə cavab verib
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunan fikirlərinə cavab verib.

Təhsil Nazirliyinin saytında yerləşdirilmiş qurumun cavabında deyilir: “Son günlər müxalifət qəzetlərinin səhifələrində ölkə Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin yanlış, heç bir əsası olmayan və böhtan dolu fikirləri əks olunub. Komissiya sədri bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin “İlin ən yaxşı məktəbi” müsabiqəsində yer tutmaması ilə əlaqələndirir. Məlumat üçün bildiririk ki, ölkənin təhsil mütəxəssisləri, eləcə də, beynəlxalq təhsil ekspertləri orta məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq olmadığını birmənalı şəkildə təsdiq edirlər. Ancaq buna baxmayaraq, komissiyanın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin nəticələri Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq, üst-üstə düşür”.

Qeyd olunub ki, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində 2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı verilib. Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib. 20 məktəbin 2-si (Bərdə şəhər 5 saylı orta məktəb, Naxçıvan şəhəri 3 saylı orta məktəb) müsabiqədə iştirak üçün sənəd verməyib. Qalan 18 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir.

2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin siyahısı verilib. Bu məktəblərin 13-ü (türk liseyləri) dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığına görə qaydalara əsasən müsabiqədə iştirak etməyib. 22 məktəbin 5-i müsabiqədə iştirak üçün sənəd verməyib, 2 məktəb (Bakı şəhəri 30 və 48 saylı orta məktəblər) müsabiqədə aşağı nəticə göstərdiyi üçün yer tuta bilməyib. Qalan 15 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir: “Məleykə Abbaszadənin sözləri ilə desək, onun fikirlərinin heç bir elmi əsası yoxdur. Qeyd olunan məlumatlardan göründüyü kimi, komissiyanın müvafiq siyahısı Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci ildə isə 94,5 faiz üst-üstə düşür. Bu nəticələr əvvəlki illərdə də, demək olar ki, eynidir. Əlbəttə, bu nəticələr tam olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan yalnız biridir. Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar