Təhsil Nazirliyi daha üç təhsil müəssisəsini akkreditasiyadan keçirib
01 Noyabr 2011 Çərşənbə Axşamı 11:53
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Astara Pedaqoji Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Mingəçevir Turizm Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. ANS PRESS Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iclasda həmçinin “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a baxılıb.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini qeyd edib.

Nazir Astara Pedaqoji Kollecində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermək üçün sözü həmin müəssisə üzrə komissiyanın sədri, Bakı Humanitar Kollecinin Xarici dil fənn komissiyasının sədri Sədaqət Qafarovaya verib. S.Qafarova Astara Pedaqoji Kollecinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar barədə danışıb. Komissiya sədri təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlardan müəssisənin idarə olunması, təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, tədris prosesinin təşkili, statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar üzrə isə bu müəssisədə çalışan ali təhsilli, elmi dərəcəsi və elmi adı olan müəllimlərin sayı, məzunların ixtisasları üzrə işlə təmin olunması və digər göstəricilərlə bağlı nəticələrdən söz açıb.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin akkreditasiyasını keçirmiş komissiyanın sədri, Azərbaycan Texniki Universitetinin Kommutasiya sistemləri və poçt rabitəsi kafedrasının müdiri Elçin Gözəlov akkreditasiyaya təqdim edilmiş ixtisaslar üzrə təhsil proqramlarının məzmununun müvafiq göstəricilərə uyğun olduğunu bildirib və qeyd olunan müəssisədə aparılmış araşdırma barədə geniş məlumatı şura üzvlərinin diqqətinə çatdırıb. E.Gözəlov təqdimat məruzəsində bu təhsil müəssisəsində çalışan müəllim heyəti, son beş ildə müəllimlərin hər on nəfərinə düşən qriflə nəşr olunmuş tədris vəsaitləri, kollecin internetlə təminatı və digər məsələlərə də toxunub.

Mingəçevir Turizm Kolleci üzrə keçirilmiş akkreditasiyanın nəticələri barədə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı Razim Məmmədov çıxış edərək kollecin ümumi fəaliyyəti və komissiyanın bununla bağlı gəldiyi qənaətlə iştirakçıları tanış edib.

Sonra hər üç kollec üzrə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.

İclasda Akkreditasiya Şurası kollec statusu üçün müəyyənləşdirilmiş meyarın müvafiq göstəriciləri üzrə tələb olunan 100 baldan Astara Pedaqoji Kollecinin 70, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 61, Mingəçevir Turizm Kollecinin 65 bal topladığını nəzərə alaraq, onların hər üçünün fəaliyyətini “kafi” qiymətləndirib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.

Akkreditasiya Şurasının iclasında “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasən bəyənilib və bir sıra təkliflərin nəzərə alınması qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar