Təhsil naziri: Magistrlərə möhlət hüququnun verilməsi yaxşı olardı
03 Dekabr 2011 Şənbə 10:49
Bəzi ixtisaslar üzrə magistrlərə təhsil müddətində möhlət verilsə, daha yaxşı olar.
Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin ali məktəblərində bəzi ixtisaslar üzrə təhsil alan magistrlərə möhlət hüququnun verilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, mövcud qanun bu gün magistrlərə möhlət hüququnun verilməməsini tələb edir.
“Ancaq şəxsən mən arzu edərdim ki, bəzi ixtisaslar üzrə magistrlərə təhsil müddətində möhlət verilsə, daha yaxşı olar”, - nazir əlavə edib.
Nazirin fikrincə, magistraturada nəzəri ixtisaslar üzrə təhsil alanlara möhlət hüququnun verilməsi yaxşı hal olar.
“Riyaziyyat, fizikanın nəzəri problemləri və digər nəzəri sahələrdə insanlar müəyyən müddət bu işlə bilavasitə məşğul olmadıqda bu işi davam etdirmək problem yaradır. Bu baxımdan yaxşı olardı ki, belə sahələrdə gənclərə imkan verilsin ki, işlərini fasiləsiz olaraq davam etdirsinlər”, - nazir əlavə edib.
Misir Mərdanov əlavə edib ki, hazırda magistrlərə möhlət hüququ verilmir. Təhsil Nazirliyi də dövlətin bir qurumu olaraq, parlament tərəfindən qəbul olunmuş qərarı icra edir.
DOSTLARINLA PAYLAŞ: