Bu gün Sumqayıt şəhərindəki 51 məktəbdə iş təcrübəsindən asılı olmayaraq ümumilikdə 5 minə yaxın müəllim imtahana çəkilib. Sumqayıt Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov ANS-ə bildirib ki, iki gün davam edəcək imtahan müəllimlərin bilik səviyyəsini və potensialını öyrənmək məqsədi daşıyır. Təhsil Şöbəsinin müdirinin sözlərinə görə, artıq ikinci ildir ki, Sumqayıt müəllimləri imtahan verirlər. Bu ilin nəticələri ötən ilki cavablarla müqayisə ediləcək. Nəticələrində müsbətə doğru addım olmayan müəllimlər hələlik dərs saatlarının bölgüsü zamanı az saatla kifayətlənməli olacaqlar. Gələcəkdə isə bu, zəif müəllimlərin iş yerlərini itirməsi ilə nəticələnə bilər.
Məktəb direktoru Xanım Əhmədova isə bildirib ki, imtahanlar hər bir məktəbin özündə keçirilir: "Müəllimlərə öz ixtisaslarına aid olan 25 sual təklif olunur. Müəllimlərin çoxu 2007-ci ildə dedilər ki, bizim diplomumuz var. Yenidən imtahana çəkilməyin mənası nədir? Amma cəmiyyətdə gedən dəyişikliklər və təhsildə aparılan islahatlar müəllimlərin öz işlərinə yenidən baxmalarını tələb edir". /ANS TV/