Stokholm Universitetinin professorları ADU-da
14 Oktyabr 2011 Cümə 12:54
Azərbaycan Dillər Universitetinin rektoru Lav Ekenberqi və Oliver Popovu qəbul edib.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Stokholm Universitetinin professorları Lav Ekenberqi və Oliver Popovu qəbul edib. ADU-nun mətbuat xidmətinin ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jala Qəribova və Tədris işləri üzrə prorektoru Natiq Yusifov iştirak edirib.
S. Seyidov qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Universitet haqqında qonaqlara məlumat verən rektor burada fəaliyyət göstərən İnformasiya Resurs Kompeksi haqqında danışıb.
Bununla yanaşı, universitetdə müasir simsiz texnologiyadan (Wi-Fi) istifadə edildiyini qonaqların diqqətinə çatdırıb. Rəhbərlik etdiyi ali məktəbdə distant təhsil təchizatının mövcud olduğundan söhbət açıb. Rektor informasiya texnologiyası infrastrukturuna ehtiyac olduğunu qeyd edib və bu sahədə əməkdaşlıq etməyin vacibliyini vuğulayıb.
Professor Lav Ekenberq isə informasiya texnologiyasının tədrisi, informasiya sistemi, informasiya təhlükəsizlik sistemi, dil və kommunikasiya haqqında danışıb. Bundan əlavə o, Stokholm universitetində kompüter elmləri ilə bağlı 8 bakalavr proqramının, 8 magistr proqramının və doktor pilləsi üzrə proqramın da mövcud olması haqqında məlumat verib. Lav Ekenberq Stokholm Universitetinin Avstriya, Braziliya, Çin, Finlandiya, Fransa, Yunanıstan, Niderland, Türkiyə, Tayvan, Mərakeş və digər ölkələrlə tələbə mübadiləsi edildiyini diqqətə çatdırıb.
Görüşdə informasiya texnologiyası mərkəzinin yaradılması, orada tədqiqatlar aparılmasının mümkünlüyü, həmçinin universitetlərarası əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: