"SİFE – Liderlik və Tərəqqi" adlı beynəlxalq konfrans keçiriləcək
20 Avqust 2010 Cümə 20:50
Konfransda Azərbaycan, Qazaxstan, Qırğızstan, Özbəkistan və Tacikistan nümayəndələri iştirak edəcək.
Avqustun 22-24-də Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional konfransı keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, konfransda Azərbaycan, Qazaxstan, Qırğızstan, Özbəkistan və Tacikistan nümayəndələri iştirak edəcəklər.
Beynəlxalq konfransın keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək və SİFE proqramı üzrə keçirilən yarışlarda iştirak edən komandalarımızın bacarıqlarını artırmaqdan ibarətdir.
SİFE proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hal-hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Dünya Kuboku yarışlarında öz ölkələrini və universitetlərini təmsil edirlər. Cari ilin aprel ayında SİFE proqramı üzrə keçirilmiş Azərbaycan çempionatının nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbə komandası çempion adını qazanıb və 10-12 oktyabr 2010-cu il tarixlərdə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışında ölkəmizi təmsil edəcəklər.
Konfrans zamanı Dünya Kuboku yarışında 2010-cu ildən tətbiq olunmağa başlayacaq yeni meyarlar və layihələrin istiqamətləri haqqında məlumat veriləcək, həmçinin hər ölkənin milli yarışlarında müxtəlif nominasiyalar üzrə qalib gəlmiş komandaların layihələrinə dair təcrübə mübadiləsi aparılacaq. Konfransın davamı olaraq “SİFE Qlobal” beynəlxalq təşkilatının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram direktoru Yusif Məcidov Naxçıvan şəhərinə ezam olunacaq və orada o, Naxçıvan Dövlət Universitetinin SİFE komandası üçün təlim kursunu keçirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: