Bakı-APA. Mərakeşin Azərbaycandakı səfiri Həssan Hami Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan
APA-ya verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüşən səfir instituta Mərakeşlə bağlı kitablar hədiyyə edib. Şərqşünaslıq İnstitutunda bu ilin fevralındakı görüşünü xatırladan səfir, o zaman ona olan müraciət əsasında ölkəsinin xarici işlər və mədəniyyət nazirliklərinə müraciət edərək, müvafiq ədəbiyyatın toplanmasını xahiş etdiyini söyləyib. Həssan Hami təqdim edilən ədəbiyyat sırasında poeziyaya, nəsrə, fəlsəfəyə və digər sahələrə aid kitabların olduğunu bildirib.
İnstitutun kitabxanasına hədiyyə edilən kitablara görə Mərakeş səfirinə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva, müxtəlif mövzuları əhatə edən bu kitabların tədqiqatçılara faydalı olacağını deyib. Daha sonra Gövhər Baxşəliyeva və Həssan Hami Şərqşünaslıq İnstitutunun Mərakeşin aparıcı elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığının perspektivlərini müzakirə ediblər.