Səkkiz qadın
21 Aprel 2010 Çərşənbə 16:55
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ingilis dilində tamaşa göstərib.
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın “Səkkiz qadın” əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olub. ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın ANS PRESS-ə verdiyi məlumata görə, tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin təşkilatçılığı və kafedranın əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilib.

Tamaşadan öncə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov tələbələrin öz istedadlarını müxtəlif sahələrdə inkişaf etdirdiyini deyib və öyrəndikləri dilin tarixini, mədəniyyətini, adət-ənənələrini araşdırmağın əhəmiyyətli olduğunu vurğulayıb. Universitetdə yalnız dilin deyil, mədəniyyətin də öyrədildiyini söyləyib.

Tədbirin təşkilatçısı, professor Gülnar Hüseynzadə rektor S. Seyidov başda olmaqla tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib, dilin daşıyıcısı olan xalqın mədəniyyətinə yiyələnməyin zəruriliyini, dil və mədəniyyəti bir arada öyrənməyin vacibliyini qeyd edib.

Daha sonra söz alan Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti, rejissor Azərpaşa Nemət Dillər Universitetində bütün mədəniyyət növlərinin bir araya gəlməsindən və hər növ incəsənət sahəsinin mövcudluğundan zövq aldığını bildirib. Azərbaycan sənətində teatr və tamaşanın inkişafına ehtiyacın olduğunu qeyd edib.

Sonra tamaşanın nümayişi olub. Qeyd edək ki, Azərbaycan Dillər Universitetində mütəmadi olaraq müxtəlif tamaşalar xarici dillərdə səhnələşdirilir. Bu, tələbələrin xarici dil biliklərini kommunikativik baxımdan daha da inkişaf etməsinə kömək edir.

Xatırladaq ki, tədbirdə millət vəkilləri, müxtəlif səfirliklərin nümayəndələri, Mədəniyyət və İncəsənət universitetinin I kurs tələbələri və universitetin professor-müəllim heyəti iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar