Şagirdlərin maraq göstərdiyi fənlərin reytinqi
26 Noyabr 2012 Bazar Ertəsi 12:05
Şagirdlərin maraq göstərdikləri fənlərin reytinqində dəyişiklik olub.
Bakının orta məktəb şagirdləri arasında keçirilən "Bilik yarışı" müsabiqəsinə qatılan şagirdlərin maraq göstərdikləri fənlərin reytinqində dəyişiklik olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Trend-ə bildirib ki, yarış Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, informatika, xarici dil fənləri üzrə keçirilir.

İndiyədək reytinqdə Azərbaycan dili və ədəbiyyat fənni birinci yeri tuturdu. Yəni şagirdlər onlara verilmiş seçim imkanlarından istifadə edərək daha çox Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak etmək istəyirdilər. Bu il isə ilk dəfə olaraq, reytinqdə ilk yeri riyaziyyat fənni tutub. İkinci yeri Azərbaycan dili və ədəbiyyat fənni tutur. Ən aşağı yeri isə informatika fənni tutur.

Əliqızının sözlərinə görə, şagirdlərin payız tətili günlərindən keçirilməyə başlanılan "Bilik yarışı"nda Bakı məktəblilərinin 1/3 hissəsi - 100 minə yaxın şagird iştirak edib. Bu yarış 5-11-ci sinif şagirdləri arasında keçirilir. İştirakçılar arasında 5-6-7-ci sinif şagirdləri çoxluq təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar